Sabah Ümumdünya Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək
Avqustun 21-də Ümumdünya Şahmat Olimpiadasında 40 komandanın qatıldığı top-divizionun oyunları start götürəcək.

Şahmatçılarımız top-divizionun “B” qrupunda mübarizə aparacaqlar. Yarışın birinci günündə komandamız Niderland, Macarıstan, Cənubi Afrika Respublikasının yığmaları ilə qarşılaşacaq.

Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və yığmaları da yer alıblar.

Olimpiada çərçivəsində artıq baza, dördüncü, üçüncü və ikinci divizionların oyunları başa çatıb.

Ümumilikdə 163 komandanın qatıldığı Olimpiada avqustun 30-dək davam edəcək.

Xəbər 552 dəfə oxundu.