Paracüdo üzrə Qran-Pri yarışının Bakıda keçirilməsi ilə bağlı yekun qərar sentyabrda veriləcək
Avqustun 19-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının cüdo idman növü üzrə idman direktoru Yanuş Tardos arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı Y.Tardos Azərbaycanda COVID-19 infeksiyası ilə mübarizənin yüksək səviyyədə aparıldığını deyib. O qeyd edib ki, Azərbaycanda yoluxma sayının azalması bunun birbaşa göstəricisidir və bu istiqamətdə aparılan işlər digər ölkələr üçün nümunədir. Yoluxma sayının aşağı səviyyədə olması və dövlət tərəfindən görülən işlər nəzərə alınaraq cari ilin noyabrında Bakıda Qran-Pri yarışı keçirilə bilər.

Komitə prezidenti İ.Rəhimov bildirib ki, Azərbaycanda koronavirus yayılmağa başladığı andan Prezident İlham Əliyev virusa qarşı səmərəli mübarizənin aparılması məqsədilə tapşırıqlar verib və bunun nəticəsi olaraq infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alınıb.

İ.Rəhimov qeyd edib ki, Qran-Pri yarışına hazırlıqlar davam edir, Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar aparılır. Lakin yarışın keçirilməsi ilə bağlı yekun qərar sentyabrda veriləcək. O, Beynəlxalq Cüdo Federasiyasının pandemiya vaxtı yarışların keçirilməsi ilə bağlı yeni qaydalarının Bakıda keçiriləcək Qran-Pridə tətbiq olunacağını vurğulayıb. Əlavə edib ki, uzun fasilədən sonra paralimpiyaçılar üçün ilk mötəbər yarışın Azərbaycanda keçirilməsi çox sevindirici hal olardı.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və idman şöbəsinin müdiri, “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov da iştirak ediblər.

Xəbər 669 dəfə oxundu.