Azərbaycanın “TeamGym” üzrə hakimləri dərəcələrini artırıblar
Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, “Avropa Gimnastikası”ndan daxil olmuş məlumata əsasən, iyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli üçüncü hakimlik dərəcəsinə kimi yüksəliblər.

Hakimlərimiz bundan əvvəl dördüncü hakimlik dərəcəsinə sahib idilər. Onlar həmin dərəcəni bu il yanvarın 3-6-da Böyük Britaniyanın Breknel şəhərində keçirilmiş “TeamGym” üzrə hakimlik kurslarının nəticələrinə əsasən əldə etmişdilər.

Hakimlik dərəcələri 1-4-cü səviyyələr arasında müəyyənləşir. Birinci dərəcə ən yüksək sayılır. Avropa çempionatlarında hakimlik etmək üçün hakimlər 1-3-cü dərəcələrə sahib olmalıdırlar.

Bununla da, yeni hakimlik dərəcəsi ilə İ. İsrafilbəyova və A. Kərimli “TeamGym” üzrə təşkil ediləcək Avropa çempionatlarında çıxışları qiymətləndirmək imkanı qazanan ilk təmsilçilərimiz oldu.

“TeamGym” Avropada yaranmış komanda idman növüdür. Ölkəmizdə bu gimnastika növü 2018-ci ildən etibarən inkişaf etdirilir. Azərbaycan komandası ilk dəfə olaraq 2018-ci ildə Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında iştirak edib. Ötən il isə Bakıda bu növ üzrə yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilib.

Bu növ üzrə Avropa çempionatları iki ildən bir keçirilir. 2020-ci ildə Danimarkada təşkil edilməli olan Avropa çempionatı bütün dünyada yayılmış pandemiya səbəbindən 2021-ci il aprelin 14-17-də təxirə salınmışdır.

Xəbər 614 dəfə oxundu.