“Qarabağ” klubu UEFA Çempionlar Liqasında “Sileks” komandası ilə qarşılaşır
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində avqustun 18-də Bakıda Şimali Makedoniyanın “Sileks” komandası ilə qarşılaşır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunu Ukraynadan olan hakimlər briqadası idarə edir. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edirlər. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirir. Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abrahamdır.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Sileks”in ilk onbirliyində isə meydana Daniel Bojinovski, Srcan Darşkoviç, Xristian Qrozdanoski, Angels Timovski, Daniel Karçeski, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov, İvan İvanovski, Pepi Georgiyev və Deyan Tanturovski çıxıblar.

Yeni reqlamentə əsasən, komandalar arasında cavab qarşılaşması oynanılmayacaq.

“Qarabağ” – “Sileks” qarşılaşmasının qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.

Xəbər 537 dəfə oxundu.