Top "Qarabağ"dadı...
COVİD-19 səbəbindən kifayət qədər uzun və üzücü ayrılıqdan sonra bu gün Azərbaycanın idman ictimaiyyətinin ürəyi yenidən futbolla, "Qarabağ" komandası ilə döyünəcək, hamımız onunla nəfəs alacağıq. Son illərin dəyişməz ölkə çempionu və avrokubokların daimi iştirakçısı qitəmizin ən nüfuzlu klub turniri Çempionlar Liqasında növbəti dəfə starta çıxır.

Birinci təsnifat mərhələsində Qurban Qurbanovun futbolçularının rəqibi Şimali Makedoniyanın "Sileks" komandasıdır. Azarkeşlər kimi, çoxdandır futbol üçün darıxmış Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda topa ilk zərbə saat 20- də endiriləcək.

UEFA bu görüşdə ədaləti qorumağı ukraynalı hakimlər briqadasına həvalə etmişdir. Baş hakim Yaroslav Kozikin start işarəsi eşidilən kimi Azərbaycanın bütün futbol pərəstişkarları uzaqdan- teleekran qarşısından olsa da, "Qarabağ"la birlikdə hücuma keçəcək, "Qarabağ"la birlikdə müdafiə olunacaq. Koronavirusla mübarizədə yüksək mədəniyyətimiz və məsuliyyət hissimizlə sübut etdiyimiz kimi, biz birlikdə güclüyük!

Başqa cür ola da bilməz. "Qarabağ" artıq ölkəmizdə ümumxalq məhəbbəti qazanmışdır və respublikanın bütün guşələrində, hətta hər evdə ona azarkeş rəğbəti böyükdür.

Ağdam komandası bu rəğbət və məhəbbəti öz zəhməti sayəsində qazanmışdır. Azərbaycan çempionunun beynəlxalq futbol dairələrində çox ciddi və layiqli rəqib hesab edilməsi təmsilçimizin gücündən, oyun ustalığından, əlbəttə ki, həm də qələbə əzmindən xəbər verir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə rəqiblər birinci təsnifat mərhələsində yalnız bir dəfə üz- üzə gələcəklər. Deməli, uduzan komandanın vəziyyəti düzəltmək, mərhələ adlamaq üçün heç bir ümid yeri qalmır. Ona görə də startda istisnasız olaraq bütün klubların ikiqat qüvvə ilə oynayacağı şübhəsizdir.

Bugünkü görüşdə bizə qələbə həm də ona görə çox vacibdir ki, "Qarabağ"ın Çempionlar Liqasında uğurlu startı bir həftədən sonra Avroliqada mübarizəyə qoşulacaq "Neftçi", "Keşlə" və "Sumqayıt"ı müvafiq surətdə "Skupi"( Şimali Makedoniya), "Laci" (Albaniya) və "Şkendiya"(Şimali Makedoniya) ilə oyunlar ərəfəsində daha da ürəkləndirər, qələbəyə daha da səfərbər edər.

İndiki avrokubok turnirləri Azərbaycan futbolunda bir də onunla uzun müddət yadda qalacaq ki, püşkün hökmü ilə dörd klubumuzdən birdən- birə üçü Şimali Makedoniya komandaları ilə qarşılaşacaq. Nadir hadisədir. Bəlkə də, əvvəllər heç vaxt heç bir turnirdə buna bənzər hal olmayıb.

Beləliklə, top meydanın mərkəzində- "doğma divarlar" arasında oynayan "Qarabağ"dadı. Yeni mövsümdə rəsmi beynəlxalq turnirlərdə oyunlarımızın hesabını "Qarabağ" açır. Qələbələrimizin də hesabını dəfələrlə şahidi olduğumuz kimi, ən yaxşı müdafiə hücumdur taktikasına üstünlük verib, xoşbəxtliyi rəqib qapısında axtaran( və tapan!) Azərbaycan çempionunun açacağına böyük ümid və inam hissi ilə

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist


18.08.2020


Xəbər 690 dəfə oxundu.