AMADA diskvalifikasiya olunmuş taekvondoçu Ramin Əzizov ilə bağlı açıqlama yayıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) diskvalifikasiya olunmuş taekvondoçu Ramin Əzizov ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Azsport.az saytına bildirilib ki, R.Əzizovdan test nümunəsinin guya idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Məlumatda qeyd edilib ki, yığma komandanın üzvü olan R.Əzizovdan 2019-cu il dekabrın 28-də Azərbaycan çempionatı zamanı nümunə götürülüb. Həmin nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə fevralın 12-də idmançı və müvafiq instansiyalar rəsmi qaydada məlumatlandırılıblar.

Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin 2019-cu il dekabrın 28-də keçirilən dopinq nəzarətindən sonra da Ramin Əzizov 2020-ci ilin fevralında beynəlxalq yarışda iştirak edib”.

Açıqlamada bildirilib ki, antidopinq qaydalarına əsasən araşdırmalar aparılıb və nəticədə R.Əzizova iki illik diskvalifikasiya sanksiyasının tətbiq olunması təklif edilib. O, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalayıb. Bunun nəticəsində 2020-ci il iyulun 6-da AMADA tərəfindən R.Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul olunub. Qəbul edilmiş qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilib.

Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 2020-ci il avqustun 13-də idmançı barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. Sanksiyanın müddəti fevralın 25-də başlayıb və 2022-ci il fevralın 25-də başa çatacaq.

Məlumatda bildirilib ki, R.Əzizov barəsində idmandan uzaqlaşdırılma qərarının verilməsi onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmır. Antidopinq qaydalarına əsasən AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən atlet idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır. Əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan altı ay əvvəl AMADA-nı məlumatlandırmalıdır.

Qeyd edək ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin olunur.

Xəbər 751 dəfə oxundu.