“Zirə” klubu Azərbaycan çempionatında altıncı mövsümünü keçirəcək
Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümü start götürəcək.

Sayca XXIX ölkə çempionatı “Zirə”nin tarixində 6-cı olacaq. Yüksək dəstədə 2015-ci ildə debüt edən “qartallar” indiyədək Premyer Liqada 5 mövsüm keçiriblər. İlk cəhddə ikinci yeri tutaraq gümüş medal qazanan komandanın hesabında iki 4-cü və iki 5-ci yer var.

“Zirə” Premyer Liqada keçirdiyi 5 mövsümdə 140 oyuna çıxıb. Əlli üç qələbə və 40 heç-heçəsi olan komanda 47 dəfə meydandan məğlub ayrılıb. Rəqib qapılarına 159 qol vuran “qartallar” 161 top buraxıblar.

Bu görüşlərdən 70-si doğma meydanda baş tutub. Öz meydanında 33 qələbəsi olan “Zirə” 19 heç-heçə edib və 18 dəfə meydanı xalsız tərk edib – topların fərqi isə 92:83 komandanın lehinədir.

Səfərdəki 70 qarşılaşmada 20 dəfə üç xala sevinən “qartallar” 21 bərabərlik əldə edibsə, 29 dəfə məğlubiyyətlə üzləşib. Altmış yeddi dəfə meydan sahiblərini məyus edən komanda qapısında 78 qol görüb.

Premyer Liqada “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu Adil Nağıyevdir – 83 matç. Anar Nəzirov və Viktor İqbekoyi hərəyə 81 dəfə meydana çıxıb. “Qartallar”ın ən yaxşı bombardiri Nelson Bonilya 14 qol vurub.

Xəbər 631 dəfə oxundu.