Serbiyalı tennisçi Novak Cokoviç “US Open” turnirində iştirakını təsdiqləyib | |
Tennis üzrə dünya reytinqində birinci pillədə qərarlaşan serbiyalı Novak Cokoviç ABŞ açıq çempionatında (US Open) iştirakını təsdiqləyib. Bu barədə “Instagram”dakı səhifəsində paylaşım edən tennisçi bildirib: “US Open” və Sinsinatidə təşkil olunacaq turnirlərdə iştirak edəcəyimi böyük məmnunluqla açıqlayıram. Bu barədə qərar vermək heç də asan olmadı. Yarışlara qayıdıb çıxış etmək məni yeni qələbələrə ruhlandıracaq”. Serbiyalı tennisçi iyunun 23-də Xorvatiyada keçirilən nümayiş xarakterli turnirdə koronavirus infeksiyasına yoluxmuşdu. İyulun 2-də tennisçidən götürülən növbəti analizin cavabı mənfi olmuşdu. Otuz üç yaşlı raketka ustası “Böyük dəbilqə” seriyaları turnirlərdə 17 dəfə qalib gəlib. “Pekin-2008” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) seriya turnirlərində ümumilikdə 79 qələbə qazanıb. “US Open” turniri avqustun 31-dən sentyabrın 13-dək Nyu-Yorkda təşkil olunacaq. Dünyanın iki nömrəli tennisçisi ispaniyalı Rafael Nadal, qadın tennisçilərin siyahısında birinci pillədə yer alan avstraliyalı Eşli Barti yarışda iştirakdan imtina ediblər. |
|
Xəbər 773 dəfə oxundu. |
|
|