“Zirə” klubu Seneqal millisinin sabiq üzvünü transfer edə bilər
Transfer çalışmalarını davam etdirən Bakının “Zirə” futbol klubu qapıçı axtarışındadır. Bakı təmsilçisi əcnəbi qolkiperi transfer etmək istəyir.

Mövsümlərarası fasilədə Emil Balayev, Boyan Zoqoviç və Orxan Sadıqlı ilə yollarını ayıran qəsəbə təmsilçisi Seneqal millisinin sabiq qapıçısı Klement Diopla maraqlanır. Baş məşqçi Rəşad Sadıqovun ixtiyarında görmək istədiyi 26 yaşlı oyunçu ilə ilkin danışıq da olub. Hazırda MLS klubu “Montreal İmpakt”ın formasını geyinən Diop əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi planlaşdırır. “Zirə”nin təklifinə hələlik konkret cavab verməyən futbolçu ilə danışıqlar davam etdirilir.

Qeyd edək ki, karyerası ərzində “Amyen”, “Los-Anceles Qalaksi” və “Montreal İmpakt”da çıxış edən K.Diopun hazırkı klubu ilə müqavilə müddəti bu ilin sonuna qədərdir. Diop 2017-ci ildə qısa müddət Seneqal millisinə çağırılıb.

Xəbər 722 dəfə oxundu.