Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı
Azərbaycanlı iki idmançı antidopinq qaydalarını pozduğu üçün müəyyən müddətə idmandan uzaqlaşdırılıb.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Taekvandoçu Ramin Əzizov və cüdoçu Könül Əliyeva dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Ramin Əzizov 2, Könül Əliyeva isə 1 illik diskvalifikasiya edilib. Əzizovun cəzası fevralın 25-dən, Əliyevanınkı isə 19-dan hesablanır.

Qeyd edək ki, 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 2019-cu ilin dekabrında Azərbaycan çempionatında gümüş medal qazanıb.

Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

Xəbər 725 dəfə oxundu.