Qitə klub kuboku uğrunda mübarizə başlanır
Avroliqaya kim nə ilə gedir

Avropa klub futbolunun yeni mövsümü başlanır. İlk olaraq, iyulun 5-də Avropa Liqasının təmsilçiləri meydana çıxacaqlar. Çempionlar Liqasının təsnifat mərhələsində qitənin 6 autsayderi iştirak etdiyindən, Azərbaycan çempionu «Neftçi» bu raunddan azaddır. Yeri gəlmişkən, UEFA azərbaycanlı FİFA referiləri Fariz Yusifov və Vüsal Əliyevə də təyinat verib. Fariz iyulun 5-də (Vaqif Musayev, Namiq Hüseynov və Rauf Cabbarov ilə) “Olimpiya” Lüblyana (Sloveniya) - “Jeness” (Lüksemburq), Vüsal iyulun 12-də (Mübariz Haşımov, Yaşar Abbasov və Elçin Məmmədovla) “Honved” (Macarıstan) - “Flyamurtari” (Albaniya) matçlarını idarə edəcəklər.

«Bakı»nın çətin yolu

Avroliqada ən çətin rəqib ölkə kuboku sahibinin payına düşüb. Doğrudur, sınaq oyununda təmsilçimiz bu rəqibinə qalib gəlib. Lakin bu nəticə aldadıcı görünə bilər. Hərçənd yaxşı təhlil etsələr, sözsüz ki, favorit yenə Azərbaycan klubu olacaq.
Bu Avroliqa iştirakçımızın özü də heç problemsiz deyil. Son illər məşqçiləri bir-bir sayan, lakin özünə yer edib, öz yolunu tuta bilməyən «Bakı»da budəfəki qərarlar da bir qədər təəccüblü oldu. Komanda sanballı Avropa məşqçisi axtarışına çıxıb, yerli mütəxəssisə tapşırıldı. Mövsümün sonunda əvəzedici Novruz Əzimov sükan arxasında saxlandı.
İndi məqamdır - onun özünü doğrultması çox vacibdir. Çünki maddi-texniki baza anlayışında ölkədə sayılıb-seçilənlərdən olan «zolaqlılar»ın ipini yalnız qətiyyət birləşdirə bilər. Hərçənd Novruz Əzimovun nəinki belə imkanı, hətta müstəqil fəaliyyəti və qərar vermək imkanı özü maraq doğurur. Bu mənada, hələlik gözləmək lazım gəlir.
Hazırlıq planı da qəribə tərzdə keçən kollektivdən qapıçılar Sissoko və Şarliya yola salınıb. Lakin hələ də əvəzləri tapılmayıb. İki qolkiperlə (kolumbiyalı Luis Enrike Martines Rodriges və serb Nikola Miloyeviç) danışıqlar aparılsa da, nəticə verməyib. Komanda Vadim Bores və Aleksey Savinovu da yola salıb. Ramazan Abbasovla («Rəvan») Əziz Quliyev (İnter) yenidən heyətə cəlb olunub, Andrey Popoviç («Sumqayıt») icarədən qaytarılıb.
Klub son transferlər sırasında boliviyalı Edemir Rodrigesi, Ekvador millisinin üzvü Feliks Borxanı (“Paçuka”, Meksika), Gürcüstan seçməsinin sol cinah və mərkəz müdafiəçisi Giorgi Popxadzeni (“Şturm”, Avstriya) heyətinə cəlb edib.
Maraqlıdır ki, paytaxtın eyniadlı komandası hazırlıq dövrünü də Sloveniyada keçirib, hətta Avroliqa rəqibi «Mura-05» ilə görüşdə qüvvəsini sınayıb. 4:0 hesabı ilə başa çatmış həmin oyunda Nenad Kovaçeviç, Cünior Vilson, Maris Verpakovskis və Mario Lukaş Horvat fərqləniblər. Komanda Slovakiyanın “Zenisa” (Maris Verpakovskis), son görüşdə isə Xorvatiyanın “Osiyek” klubu ilə eyni hesabla «sülh» bağlayıb - 1:1 (İbrahim Karqbo).
Ümumən transferləri qənaətbəxş saymaq olar. Klubun müdafiəsi etibarlı oynayarsa, gənc qapıçılara da heyətdə yerini möhkəmlətmək və püxtələşmək imkanı olacaq. Ən vacibi, bu mürəkkəb vəziyyətdə baş məşqçinin verəcəyi qərarlardır. İlk oyunda o, taktiki səhvlərə yol verməsə, komandanın mərhələ keçmək şansları olacaq.

Estoniya sərhəddində ehtiyatı əldən verməməli

Ölkə çempionatının mükafatçıları bəlkə də ən arzuolunan rəqiblərlə üz-üzədirlər. Rəqiblər Avrokuboklarda elə də böyük uğur əldə etməyiblər. Əlbəttə, lənkəranlılar da bu mənada çox irəli getməyiblər. Yalnız «İnter» bəzi matçlardakı inadı və mərhələ aşması ilə az-çox fərqlənib. Onlar futbolçulara xərclənən pulların çoxluğu ilə estonlardan fərqlənirlər. Ümumən eston və Azərbaycan klublarının imkanları heç müqayisə olunası deyil. Hərçənd ölkə futbolunun ümumi inkişafı prizmasından müstəqillik dövründə estonlar futbollarını müəyyən forma və məzmuna sala biliblər. Elə buna görə, klublarımız favorit sayılsalar da, rəqibə yuxarıdan aşağı baxmamalıdırlar.
Avstriyada hazırlıq planının ilk oyununda Kiyev «Dinamo»sunun əvəzedici heyətinə məğlub olmuş (0:2) «Xəzər Lənkəran» Almaniyanın “Ştarnberq” klubuna 6:0 hesabı ilə qalib gəlib. «Ağ-yaşıllar» Rumıniya «Vasluy»u ilə heç-heçə (1:1 - Skarlatake) oynayıb və ardınca Çexiyanın Çeşke Budeyovise şəhərinin “Dinamo”suna yenilib (2:5 - Rahid Əmirquliyev, Sadio Tunkara).
Komandanın transferləri də maraq doğurur. Heyəti Julius Vobay («Neftçi»), Katalin Doman, Andrey Mureşan, Antoniu Semedu, Salif Baliu, Şəhriyar Xəlilov («Qəbələ») tərk ediblər. Komandaya Manuel Skarlatake («Dinamo»Buxarest, Rumıniya) qayıdıb, gözlənilmədən Ruslan Abışovu da «Neftçi»dən alıblar.
Çox maraqlıdır ki, komandanın transfer dövründə nə axtardığını da bilmək olmadı. Baxışa 10-dan artıq futbolçu cəlb olunub, lakin heç kim bəyənilməyib. Bunu komandanın transfer planlarını özünün də tam müəyyənləşdirə bilməməsi ilə izah etmək olar. Deməli, klubda menecerlik işi heç də lazım olan səviyyədə qurulmayıb. Ağasəlim Mircavadov komandanı tərk edəndən sonra, elə ondan əvvəl də, lənkəranlıların daim hərc-mərclik içində olması, mövsümləri uğursuzluqla başa vurması da, məncə, buradan qaynaqlanır. Komandanın taleyini sanki menecerlər həll edir; bu təəssürata özünəməxsus iş sitemi ilə seçilən Yunis Hüseynovun son qoyacağına ümid yaranması üçün, yəqin, mərhələ keçilməli və növbəti mövsümdə o, asta-asta ipi ələ almalıdır.

«İnter»in məqsəd və niyyəti məlumdur

Komanda həmişəki kimi sabit heyətə güvənəcək. Yəqin ki, o, çempionat rəqiblərinin potensialını nəzərə alıb, hazırlıqda, yalnız gələn mövsümü hədəf alıb. Sabitlik kluba daim ön sıralarda olmağa imkan verəcək. Üstəlik, Avrokubokda bəxt də üzünə gülüb. Tam qınaq obyektinə çevrilməmək üçün bu mərhələni keçmək lazımdır. Hərçənd ikinci mərhələdə də onların rəqibləri, «Bakı» ilə müqayisədə, daha dişəçəkilən olacaq.
Həmişəki kimi, paytaxtlılar lazımi hazırlıq keçiblər. «Beynəlmiləlçilər» Türkiyə təlim-məşqinin ardınca Sloveniyadakı sparrinqlərdə əsasən uğursuz görünsələr də, bu nəticələrdə qeyri-adilik axtarmağa dəyməz. Heyəti çözmək daha vacibdir. «Bankçılar» Avstriya «Kapfenberq»inə və Sloveniya «Maribor»una eyni hesabla (0:1), Xorvatiya “Osiyek”inə 0:2 hesabı ilə uduzub, Sloveniyanın ikinci liqasında çıxış edən “Çempion”a 3:0 (Baçana Sxadadze, Tales Şüts-2) qalib gəlib.
Ötən müddətdə komanda kifayət qədər dəyişib. Girts Karlsons, Danildo Assioli, Bronislav Çervenka, Enyo Krastovtsev, Xəyal Mustafayev, Peter Xrappan, Elnur Abdulov, Anar Məhərrəmov, Səlahət Ağayev («Sumqayıt»), Əziz Quliyev («Bakı») heyəti tərk ediblər. Rüstəm Abbasov («Simurq» - icarədən), Tales Şüts (AzAL), Georgi Adamiya («Qarabağ»), Ramil Həşimzadə («Sumqayıt»), Slavço Georgievski («Neftçi»), Elşən Poladov («Kəpəz»), Revaz Tevdoradze (“Çikura Saçkhere”, Gürcüstan), Ruslan Əmircanov («Neftçi»), Konqo millisinin üzvü Brüs Abdulaye komandanın yeni üzvləridir.

Xəbər 1264 dəfə oxundu.