“Sumqayıt”ın rəqibini yaxından tanıyaq
“Sumqayıt” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Tetovo şəhərini təmsil edən komanda 1979-cu ildə təsis olunub. 41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır.

“Şkendiya” ev oyunlarını 15 min tamaşaçı tutumuna malik olan “Ekoloq Arena”da (Tetovo şəhər stadionu) keçirir.

UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Gjoka çalışdırır. Üç dəfə Şimali Makedoniya çempionu və 2 dəfə ölkə kubokuna sahib olan tetovolular ötən mövsümdə 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstəriblər. Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub.
Komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu – Egzon Bejtulai və Ljupco Doriev çıxış edir.

Xəbər 609 dəfə oxundu.