Bakı - Rio-de-Janeyro
Azərbaycan paytaxtı ilə uzaq Braziliyanın ikinci ən böyük şəhərini bir-biri ilə nə kimi tellər bağlayır sualına cavab axtarmaq istəsək, ilk növbədə Bakı ilə Rio-de-Janeyronun qardaş şəhərlər olduğunu qeyd edə bilərik. Bu qardaşlıq əlaqələri həyata 2015-ci ildə vəsiqə qazanıb və artıq beş yaşına çatıb.

Qardaş şəhərlərin idman əlaqələrinin başlanğıcı isə ən azı yarım əsr bundan əvvələ təsadüf edir. İdman ictimaiyyətimizin yaşlı nəsil nümayəndələri 1965-ci ilin noyabr ayında SSRİ-nin futbol üzrə yığma komandasının yoldaşlıq görüşləri keçirmək üçün Cənubi Amerikaya səfərə çıxdığını unutmayıblar. Səfər zamanı sovet futbolçuları Rio-de-Janeyronun dünyaca məşhur “Marakana” stadionunda Braziliya millisi ilə də qarşılaşmış və oyundan sonra meydanı böyük sevinc hissi ilə tərk etmişlər. Heç-heçə (2:2) başa çatan matçda Pelenin komandasının qapısına vurulan qollardan birinin müəllifi indi Azərbaycan futbolunun əfsanəsi kimi xatırladığımız Anatoli Andreyeviç Banişevski olmuşdur. O vaxt isə Tolyanın cəmi 19 yaşı var idi.

Bu gün A. Banişevskinin köynəyinin 1950-ci və 2014-cü illərdə dünya çempionatının final görüşlərinin keçirildiyi əzəmətli “Marakana” stadionunun müzeyində divardan asılması da unudulmaz hücumçumuzun həmvətənləri üçün qürurverici məqamdır.

Həmin Braziliya — SSRİ görüşündən otuz doqquz il sonra, 2004-cü ilin fevral ayında Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə Rio-de-Janeyroda doğulub boya-başa çatmış Karlos Alberto Torres dəvət olundu. Buna qədər məşhur mərkəz müdafiəçisinin adı futbol aləminə yaxşı tanış idi. O, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatında İtaliya yığması ilə final görüşündən sonra Braziliya komandasının kapitanı kimi bütün dünyanın gözü qarşısında hədsiz sevinclə kuboku öpüb başı üzərinə qaldırmışdı.

Kapitan Mexikonun “Asteka” stadionunda böyük hesabla (4:1) başa çatan həlledici görüşdə qollardan birinin müəllifi kimi də çox alqış qazanmışdı. Onun finalda dəqiq zərbəsi bu oyunda da, bütün çempionatda da sonuncu qol olmuşdu. Karlos Albertonun XX əsrin rəmzi yığma komandasına daxil edilməsi dahi futbolçunun yüksək ustalığının etirafı idi.

Torresin həyatla 2016-cı il oktyabrın 25-də doğulduğu şəhərdə vidalaşdığını da xatırlayaq.

Həmin il isə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları ili idi. Qardaş şəhərdə Olimpiada bizim üçün Olimpiya oyunları tarixində Azərbaycan rekordu ilə yadda qalmışdır. Təmsilçilərimiz Rio sahillərində (yadımıza salaq ki, Rio-de-Janeyronun braziliyalıların danışdığı portuqal dilindən tərcüməsi “Yanvar çayı” deməkdir) on yeddi gün ərzində kəskin idman mübarizəsi şəraitində davam edən yarışlarda 18 medal — 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat qazandılar. Bunu isə, demək olar, heç birimiz gözləmirdik. Çünki Pelenin vətənində startlaradək Azərbaycan idmançılarının ən çox medal sevinci yaşadıqları London—2012-də həmvətənlərimiz on dəfə fəxri kürsüyə dəvət olunmuşdular. İndi isə birdən-birə 18 medal! Həqiqətən, çox-çox ölkələrin qibtə edəcəyi nailiyyət idi.

Hələlik sonuncu olan Rio-2016 Olimpiadasından “bol məhsulla” qayıdan həmvətənlərimizin Bakıya gətirdikləri 18 medaldan biri xüsusilə qiymətlidir. Radik İsayevin taekvondoçuların turnirində 80 kq-dan yuxarı çəki dərəcəsində sahib olduğu qızıl medal idmanın bu növündə həm də bizim ilk ən yüksək olimpiya mükafatımızdır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

11.08.2020

Xəbər 656 dəfə oxundu.