50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Tamaşaçısız olsa da, yeni ümid sorağı ilə

Yeni tipli koronavirus (COVID-19) pandemiyası ilə gündəlik mübarizə şəraitində artıq dövrün ruhuna uyğun növbəti yumşalma - ümid qərarı avqust ayının 7-də verilib. Bu ikinci dəfə verilən ümiddir.

Buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə fərqli qərarı müşahidə etmişdik. "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" adlanan Qərar sərtləşdirmə elanını verərək, iyunun 19-da 208 nömrə altında işıq üzü görmüşdü.

50 gün sonra parlayan ümidin mühüm və həsrətlə gözlənilən cəhətlərindən biri idman yarışları ilə bağlı oldu. Nazirlər Kabinetinin 7 avqust tarixli 282 nömrəli Qərarı ilə 19 iyun tarixli Qərarın 1.7.4 bəndinə "11. Tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi" əlavəsi edilib.

Bəli, son aylarda ikinci dəfədir Nazirlər Kabineti idman yarışlarının keçirilməsini qadağan edən və ona icazə verən qərarlar qəbul edir. Birinci dəfə mart ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən "ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir" qərarını açıqlamışdı. Bunun ardınca verilən qərarlar dövründə idman yarışlarının bərpa edilməsinə münbit şərait olmadığını göstərirdi. May ayının 16-da 178 nömrəli Qərarın 1.7 bəndində "bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması" qərarı bu müddəti bir qədər də uzatdı. Lakin mayın 29-da 190 nömrəli Qərar həmin bəndə idman dünyası üçün bir vacib düzəlişi etdi: "tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi istisna olmaqla" əlavəsi mübarizə meydanlarına ilk ümidi gətirdi. Hətta velosiped idmanı üzrə ilk yarış keçirildi, futbol klubları yaşıl meydana qayıdaraq ilk məşq və sparrinqlərini keçirməyə başladılar.

İyun ayında koronavirusa yoluxma hallarının artması xüsusi karantin rejimində növbəti sərtləşdirməni gətirdi və məlum 19 iyun qərarına rəvac verdi.

Avqustun 10-dan qüvvəyə minən yumşalma tam vaxtında yetişib. Həsrətlə gözlənilən bu bənd, əməli olaraq, idman dünyasına hərəkətlilik, ümid gətirəcək. Bu günə qədər mürəkkəb və naməlum şəraitdə çəkilən zəhmətin məqsədi də məhz idman meydanlarına qayıtmaq idi. Məlumdur ki, idman mahiyyətində tamaşa özəlliyi daşıyır. Onun təqdim etdiyi məhsul yarış meydanındakı mübarizədir. Dünya və Avropa arenasında, həm də bir qayda olaraq payıza doğru mövsümü təzələyən komanda idman növlərində gecikmiş və uzanmış yarışlar fonunda yeni mövsümün də siqnalları verilir. Bu xüsusda futbol klublarımız üçün ən gözəl fürsət dövrüdür. Məlumdur ki, UEFA Çempionlar və Avropa liqalarında mübarizə mövsümün martdan yarımçıq qalmış final mərhələləri başlanıb. Amma paralel olaraq yeni mövsümün təsnifat turnirləri keçirilir. Azərbaycan çempionu "Qarabağ"ı qitənin bir nömrəli turnirində, "Neftçi", "Keşlə" və "Sumqayıt"ı isə Avropa Liqasında mübarizə gözləyir. Bu qərar komandalarımıza keyfiyyətli hazırlıq və rəqiblərini doğma divarlar arasında qəbul etmək şansı verir.

Əlbəttə, hələlik tamaşaçısız olacaq. Amma inanrıq ki, komandalarımız mürəkkəb COVID-19 sınaqlarında olan idmansevərlərinə əsl ruh və ovqat gətirəcək. Bunun ardınca digər idman növlərində mücadilə meydanları da qızışacaq.

BATI YAR

Xəbər 2044 dəfə oxundu.