Abşeron və Hövsan Olimpiya İdman kompleksləri müvəqqəti xəstəxanaya çevrilib
Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

Gənclər və İdman Nazirliyi tərəfindən görülmüş işlərlə yaxından tanış olmaq üçün avqustun 5-də Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Abşeron və Hövsan Olimpiya İdman komplekslərinə baxış keçiriblər.
Bu komplekslərin təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə iyulun ilk həftəsindən başlanılıb. Hər iki kompleksdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıq quraşdırılıb. Çarpayı sayına uyğun olaraq palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar quraşdırılıb.

COVID-19 xəstələrinin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kubmetr gücündə müasir oksigen istehsalı stansiyası quraşdırılıb. Stansiyada 75 kilovat gücündə kompressor, qurutma-soyutma qurğusu, 54 kubmetr (900 litr/saniyə) gücündə 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan oksigen generatoru, xüsusi filtr dəstləri və digər avadanlığın da quraşdırılması təmin olunub. Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub-saat gücündə idarəetmə sistemi yaradılıb. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilib.

Ümumilikdə Abşeron və Hövsan Olimpiya İdman komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçidlər (şlüzlər) yaradılıb. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar qurulub. Palatalar müvafiq sayda çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib.

Məlumat verilib ki, komplekslərdə yaradılan şərait COVID-19 xəstələrinin müalicəsinin burada uğurla aparılmasına tam imkan verir.

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə etmək nəzərdə tutulub. Kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək.

Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdırılıb. Kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb. Binalara giriş-çıxış üçün əlavə panduslar yaradılıb.

Abşeron Olimpiya İdman Kompleksində koronaviruslu xəstələr üçün yaradılan tibb müəssisəsinin açılışında Gənclər və İdman naziri Azad Rəhimov deyib: “Çox istərdik ki, bu idman komplekslərindəki tibb müəssisələrindən istifadə edilməsin, komplekslər yenidən idman fəaliyyətinə qayıtsın. Lakin payız aylarında koronavirusun geniş yayılma ehtimalını nəzərə alaraq, ehtiyat tibb müəssisələrinin yaradılması vacibdir. Payız aylarında yoluxma sayı arta bilər. Ona görə də bizim ehtiyat yerlərimiz olmalıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, çalışırıq ki, əhalinin heç nəyə ehtiyacı olmasın, bu bəladan ən az itki ilə xilas olaq".

Xəbər 4035 dəfə oxundu.