“FIFA-20” Birinci Liqasında on turdan sonra lider dəyişib
İyulun 27-də start götürən “FIFA-20” Birinci Liqasının ikinci həftəsi də maraqlı nəticələrlə yadda qalıb.

Birinci həftənin lideri olan “Qazakh Ashiqs” komandası öz mövqeyini qoruya bilməyib. Belə ki, ilk 5 turdan sonra maksimum nəticə göstərən komanda ikinci həftənin sonunda aktivinə cəmi 10 xal yazdıra bilib və nəticədə üçüncü pilləyədək geriləyib. İlk həftənin yekununa görə, ikinci yerdə qərarlaşmış “Qobustan Stones” ikinci həftənin sonunda aktivinə cəmi bir qələbə yazaraq, turnir cədvəlinin 7-ci pilləsində yer alıb.

Uğurlu seriyanı davam etdirən “Quba Tigers” komandası 10 turdan sonra liderliyə yüksəlib. Favoritlərdən hesab olunan “Nakhchivan Alinja Tower” mövqeyini yaxşılaşdıraraq, ikinci sıraya yüksəlməyi bacarıb. Həmçinin 11-ci sıradan 5-ci pilləyə qalxan “Karabakh Horses” komandası da ona bəslənilən ümidləri doğrultmağa başlayıb.

Qeyd edək ki, autsayderlər qrupunda qərarlaşan “Neftchala Sailors” və “Qakh Berkuts” komandaları hələ də qələbəyə həsrətdirlər. Sonuncu yerdə qərarlaşmış “Qakh Berkuts” komandasının aktivində yalnız 2 xal var və komanda bu nəticəni heç-heçə ilə bitmiş iki oyundan əldə edib.

Göründüyü kimi, liderlər qrupunda gərgin mübarizə davam edir. Gələcək həftə də bizi bir-birindən maraqlı və baxımlı oyunlar gözləyir. Odur ki, ölkəmizin idman gündəminin ən önəmli hadisələrindən birinə çevrilmiş “FIFA-2020” kiberfutbol turnirini izləməyə davam edin.

Bütün oyunları canlı olaraq həftənin altı günü saat 12:00-dan 17:00-dək “YouTube”dakı GLAHUB kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.

Qeyd edək ki, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və Topaz-ın birgə təşkilatçılığı keçirilən Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.

Xəbər 608 dəfə oxundu.