Xanlar Kazım oğlu Qurbanov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Kazım oğlu Qurbanov avqustun 8-də ömrünün 71-ci ilində vəfat edib.

Xanlar Qurbanov 1950-ci il yanvarın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil aldığı 1968-1972-ci illərdə o, Xızının qədim Xələnc kəndinin pəhləvanlıq ənənələrini davam etdirərək, sərbəst güləş üzrə beynəlxalq turnirlərdə iştirak edib, mükafata layiq nəticələr göstərib. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası normasını yerinə yetirib. 1982-ci ildə Beynəlxalq dərəcəli hakim adına layiq görülüb.

Ali təhsilini başa vurduqdan sonra, tələbəsi olduğu institutun güləş kafedrasında müəllim vəzifəsində çalışmağa başlayan Xanlar Qurbanov 1988-ci ildə Moskva Ümümittifaq Bədən Tərbiyəsi Elmi-Tədqiqat İnstitutunun məqsədli aspiranturasını bitirib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını alıb. 1989-cu ildən isə dossent elmi adına layiq görülməklə güləş kafedrasına rəhbərlik etməyə başlayıb və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.

Azərbaycanda sərbəst güləşin inkişafında əvəzsiz xidmətləri olan Xanlar müəllimin yetirmələri ölkəmizin idman şərəfini böyük miqyaslı beynəlxalq turnirlərdə qoruyublar. Xanlar Qurbanov bu məhsuldar fəaliyyətinə görə Əməkdar məşqçi adına layiq görülüb.

Professor Xanlar Qurbanovun Azərbaycan güləşinin inkişafındakı fəaliyyəti xarici ölkələrdə də tanınırdı. Təsadüfi deyildi ki, o, İstanbul Tibb-Spor Universitetinin professoru fəxri adına layiq görülüb və Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilmişdi. Azərbaycan Güləş Federasiyası İcraiyyə Komitəsinin, Milli Olimpiya Komitəsinin üzvü idi. O, eyni zamanda Bakının ictimai həyatında fəal iştirak edib. Ötən əsrin doxsanıncı illərində Bakı Şəhər Sovetinin deputatı olub.

Milli İdman Assosiasiyasının prezidenti olduğu illərdə ölkədə milli idman oyunlarının təbliği, zorxana idman növünün inkişafı, Azərbaycan zorxana idmançılarının beynəlxalq yarışlardakı uğurları onun adı ilə bağlıdır. Beynəlxalq Zorxana İdman Federasiyasının vitse-prezidenti idi.

Xanlar Qurbanovun idman pedaqoikası sahəsindəki əməyinin məhsulu indiyə kimi işıq üzü görmüş onlarla kitab və məqalədir.

Xanlar Qurbanov ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, elm və təhsil sahəsindəki uğurları dövlət tərəfindən “Tərəqqi” medalı ilə qiymətləndirilib. Professor Qurbanov “Vektor” Beynəlxalq elmi mərkəzi tərəfindən “Azərbaycanın tanınmış alimləri” və “XXI əsr Azərbaycan ziyalıları” diplomlarına layiq görülüb.

Xanlar müəllimin xatirəsi bütün Azərbaycan idman ailəsinin, ziyalılarının, təhsil və elmi ictimaiyyətinin qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyası

Xəbər 1186 dəfə oxundu.