“Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
“Bakı-2015” birinci Avropa Oyunlarının qalibi rusiyalı Beslan Mudranov Olimpiya Oyunlarında ikinci dəfə qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

Rusiya təmsilçisi indi əsas vəzifəsinin “Tokio-2020”yə lisenziya qazanmaq olduğunu bildirib. O, qeyd edib ki, Rusiya komandasında güclü rəqabət var. İdmançı Tokio Olimpiadasına vəsiqə qazanacağına ümid etdiyini deyib.

B.Mudranov 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında cüdoçumuz Orxan Səfərovu (60 kq) finalda məğlub edərək qalib olub.

Rusiyalı cüdoçu “Rio-2016”da qızıl medal qazanıb. Avropa çempionatının ikiqat qalibi, dünya çempionatının gümüş mükafatçısıdır.

Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin, koronavirus pandemiyası səbəbindən yarış 2021-ci ilə təxirə salınıb.

Xəbər 980 dəfə oxundu.