“İdman ili”nin qəhrəmanları
Yəqin ki, siz Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan olunduğunu unutmayıbsınız. Ölkəmiz üçün bu əlamətdar hadisə Londonda XXX Yay Olimpiya Oyunları ilinə təsadüf etmişdi. İki idmançımızın Olimpiadanın çempionu olması isə Azərbaycan komandasının İngiltərə paytaxtında çıxışlarına xüsusi məna vermişdi.

Artıq səkkizinci ayını yaşadığımız 2020-ci il də olimpiya ilidir. Ancaq məlum səbəbdən Tokio sınaqları təxirə salınmış və XXXII Olimpiada startlarını bir il gözləməliyik. Amma baş tutmasa da, hər halda, indi biz olimpiya ilində yaşayırıq və yeri gələndə dünya idmançılarının ən ali məclisində həmvətənlərimizin çıxışlarını xatırlamaq pis olmaz.

İndiki kimi, səkkiz il əvvəl yubiley Olimpiadasının keçirildiyi günlərdə də avqust ayındaydıq. Yarışlar artıq finişin astanasındaydı. Azərbaycan komandasının hesabında isə hələ qızıl medal yox idi. Ümid qalırdı sərbəst güləş ustalarımıza. Onlar da sağ olsunlar, medallar kolleksiyamıza birdən-birə iki qızıl mükafat əlavə etdilər. Üstəlik də, təxminən bir saat, hətta bundan da bir qədər az vaxt ərzində. Bütün Azərbaycanın ürəyindən olan, idmanımızın əsl pərəstişkarlarının ömrünü uzadan qələbələr idi!

... Avqustun 11-də London yarışların sonuncudan əvvəlki gününü yaşayırdı. Məhz həmin gün XXX Olimpiya Oyunlarında Azərbaycanın zəfər gününə çevrildi.

Əvvəlcə Toğrul Əsgərov həlledici final görüşündə rusiyalı dördqat dünya çempionu və Pekin Olimpiadası — 2008-in bürünc mükafatçısı B. Kuduxova böyük üstünlüklə (6:0) qalib gəlib 60 kq çəki dərəcində fəxri kürsünün zirvəsinə yüksəldi və onun möhtəşəm qələbəsi şərəfinə nəhəng idman sarayında Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirildi. Rusiyanın çempionat.com portalı da öz növbəsində hələ heç iyirmi yaşı tamam olmayan Toğrulun qələbəsini Olimpiadanın 15 sürprizi sırasına daxil etdi. Portal əməkdaşlarının fikrincə, bu, rusiyalı azarkeşlərin ürəyini göynədən sürpriz idi.

Azərbaycanda hamı gənc olimpiya çempionunun qəhrəmanlığının sevincini yaşayıb bir-birini təbrik edərkən fəxrlə xalqımızın milli sərvəti kimi dəyərləndirə biləcəyimiz sərbəst güləş tariximizə daha bir şanlı səhifə yazıldı. Bu dəfə diqqət mərkəzinə 84 kq çəki dərəcəsində rəqiblərinə aman verməyən, o cümlədən finalda Xayme Espinolu (Puerto Riko) 7:1 hesabı ilə məğlubiyyətə uğradan Şərif Şərifov düşdü.

Bir saatda iki olimpiya qızıl medalı, tarixi nailiyyət! Bu medallar sayəsində Azərbaycan millisi ABŞ yığması ilə birlikdə Olimpiadanın ən yaxşı iki komandası oldu. Onların hər biri İngiltərə torpağından Xəzər sahillərinə və okeanın o tayına 2 qızıl, 1 bürünc medal apardı. Həmin qızıl medallar, sözün əsl mənasında, yubiley Olimpiadasında Azərbaycanı göylərə yüksəltdi.

Beləliklə də, sərbəst güləşdə olimpiya çempionlarımızın sayı üçə çatdı. İyirminci əsrin finişində, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində Olimpiya oyunlarında “sərbəstlərimizin” qızıl medallarının hesabını açan Namiq Abdullayevin həmin uğurundan on iki il sonra Londonda Toğrul Əsgərov və Şərif Şərifov da böyük qürurla olimpiya çempionu adını daşımağa başladılar. İndi ölkəmizdə çox sevilən sərbəst güləşdə üç olimpiya çempionu var. Həm də Atlanta (ABŞ) — 1996-nın gümüş mükafatçısı Abdullayev, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində yalnız finalda uduzub gümüş medalla kifayətlənmiş Əsgərov və Riodan bürünc medalla qayıtmış Şərifov. Onların üçü də bu gün Olimpiya oyunlarının çempionu və mükafatçısı olması ilə qürur duya bilər.

Yubiley Olimpiadasında Azərbaycan güləşçilərinin iki qızıl medalı ölkəmizdə “İdman ili”ndə çox yerinə düşmüşdü. Komandamızın qazandığı iki gümüş və altı bürünc mükafata da az sevinməmişdik.

Bu da dərin rəmzi məna daşıyır ki, Toğrulla Şərifin London zəfərləri Helsinki Olimpiadası —1952-də Azərbaycan güləş məktəbinin unudulmaz yetirməsi Rəşid Məmmədbəyovun SSRİ yığma komandası heyətində qazandığı gümüş medalın 60 illiyinə təsadüf etmişdi...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

06.08.2020

Xəbər 872 dəfə oxundu.