“US Open” tennis turnirinin iştirakçıları müəyyənləşib
Avqustun 31-də Nyu-Yorkda start götürəcək “US Open” tennis turnirinin iştirakçıları müəyyənləşib.

Mövsümün ikinci “Böyük dəbilqə” seriyalı yarışında 128 raketka ustası mübarizə aparacaq. Ötən illərlə müqayisədə builki yarışa dünyanın bir sıra məşhur tennisçisi qatılmayacaq. Buna səbəb ABŞ-da koronavirus ilə bağlı vəziyyətin hələ də stabilləşməməsidir.

Rafael Nadal, Sten Vavrinka, Qael Monfis, Fabio Fonini, Nik Kirqios, Jo Vilfred Tsonqa kimi tanınmış tennisçilər yarışda iştirakdan imtina ediblər. Qadınlar arasında planetin bir nömrəli raketka ustası avstraliyalı Eşli Barti, eləcə də Kanada idmançısı Byanka Andresku COVID-19 səbəbindən turnirə qatılmayacaqlar.

Belə ki, dünya reytinq cədvəlində 1-ci pillədə qərarlaşan serbiyalı Novak Cokoviç, habelə ötənilki turnirin finalçısı rusiyalı Daniil Medvedev, avstriyalı Dominik Tim, yunanıstanlı Stefano Tsitsipas, almaniyalı Aleksandr Zverev, italiyalı Matteo Berrettini, belçikalı David Qoffen, xorvatiyalı Marin Ciliçin turnirdə iştirakını təsdiqləməsi azarkeşlərə maraqlı mübarizə vəd edir.

Xəbər 658 dəfə oxundu.