İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
İtaliyanın Palermo qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə onaltıdabir final mərhələsinə yekun vurulub.

Birinci mərhələdə sloveniyalı Kayya Yuvanla çexiyalı Marketa Vondrouşova qarşılaşıblar. Görüş 2 saat yarım çəkib. Mübarizəyə çexiyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:1 hesablı üstünlük qazanan M.Vondrouşova sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 7:5 hesabı ilə qalib gələn K.Yuvan tarazlığı bərpa edib. Sonuncu hissə də K.Yuvanın xeyrinə başa çatıb. Beləliklə, sloveniyalı tennisçi səkkizdəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var.

Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.


Xəbər 657 dəfə oxundu.