Məhməd Topal rəsmən «Fənərbağça»da
«Fənərbağça» ispan «Valensiya»sının türk futbolçusu Məhməd Topala 4 illik müqavilə imzaladı. İdman.com.az saytının məlumatına görə, bu transferə görə ispan klubuna 4,5 milyon avrodur ödənəcək. 26 yaşlı futbolçunun özünə gəldikdə, o, 4 illik «Fənərbağça» dövrünün ilk ilində 2 milyon, sonrakı 3 ilin hər birində 2 milyon 50 min avro qazanacaq. Bundan əlavə, yarımmüdafiəçi hər oyuna görə 10 min avro da alacaq.

Futbola «Malatya Belediyespor»da başlayan futbolçu, daha sonra 2002-ci ildə «Çanaqqala Dardanelspor»a transfer olub. Buradan 2006-cı ildə «Qalatasaray»a keçən Məhməd Topal, 4 mövsüm «sarı-qırmızılı» komandanın formasını geydikdən sonra, 2010-2011-ci illər mövsümündə İspaniyaya yol alaraq «Valensiya»ya transfer olunmuşdu.

İspan klubunda ilk mövsümündə oynadığı 23 matçın 21-də ilk on birlikdə yel almış futbolçu rəqib qapılarına 1 qol vurmuşdu. Məhməd Topal eyni mövsümdə Çempionlar Liqasında da «Bursaspor»la eyni qrupda oynadığı 5 matçın 4-də «Valensiya»nın start heyətində yer almışdı.

Ötən mövsüm İspaniya La Liqasında 20 dəfə (13-ü start heyətində) meydana çıxan Topal, Çempionlar Liqasında oynadığı 3 matçda da ilk onbirlikdə yer almışdı, Avropa Liqasında da oynadığı 6 matçın 5-də ilk dəqiqələrdən meydana çıxmış və rəqib qapılarına 2 qol da vurmuşdu.
Müqavilənin imzalanmasından sonra Məhməd Topal klubun televiziya kanalında canlı yayımda qonaq olub. Futbolçu «Fənərbağça»ya transferi səbəbiylə çox xoşbəxt olduğunu söyləyərək, azarkeşlərə də isti qəbula görə təşəkkürünü bildirdi: «Transferimə görə, özümü çox xoşbəxt sayıram. Mən İspaniyada çox yaxşı 2 mövsüm keçirdim. İspaniyada Türk futbolunu yaxşı təmsil etdiyimi düşünürəm. Ümid edirəm İspaniyada əldə etdiyim uğurlara burada da çataram. Ən yüksək səviyyədə uğurları yaşamaq istəyirəm. Buraya çempionluq yaşamağa gəlmişəm. «Fənərbağça» Çempionlar Liqasında da finala qədər gedə bilər. Yaşanan bəzi hallara baxmayaraq, «Fənərbağça» yaxşı oyun göstərdi. Son dəqiqəyə qədər mübarizə apardı. Mən indi bu klubun bir parçası olduğum üçün qürur duyuram».

Məhməd Topal sonra deyib: «Xarakter olaraq, çətinlikləri aşmağı sevən bir insanım. İspaniyada da bir iki ay çox çətinliyim oldu. Xüsusilə dil mövzusunda. Meydanda çətinlik yaşamadım. Komanda yoldaşlarım dəstək verdilər. İspaniya liqası dünyanın ən çətin liqalarından biridi, çətinliklər oldu, ancaq öhdəsindən gəlməyi bacardım. Özümün qol vurmağımdan daha çox mənim üçün komandanın uğurları əhəmiyyətlidi. Təbii ki, qol vurmağın da ayrı bir zövqü var. Ailəmin seçimi də mənim «Fənərbağça»nı seçmək qərarımda təsirli oldu. İki mövsüm İspaniya təcrübəsi futbol həyatımı çox təsir etdi. İnanıram ki, indi «Fənərbağça»da bu təcrübəm mənə kömək edəcək. Bu formaya layiq olmaq üçün əlimdən gələni edəcəyəm».

Xəbər 996 dəfə oxundu.