Qızıl fitli iki hakimimizdən biri
Bu gün, avqustun 1-də Əməkdar məşqçi, güləş üzrə Beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi Hicran Şərifovun 55 yaşı tamam olur.

Hicran İbrahim oğlu Şərifov Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 114 saylı orta məktəbi bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və sənaye Universiteti) daxil olub. Əmək fəaliyyətinə 1987-ci ildə Suraxanı maşınqayırma zavodunda elektrik kimi başlayan Hicran, həmin illərdə güləşin yunan-Roma növü ilə məşğul olub. 1994-cü ildən Daxili İşlər Nazirliyində bölmə müfəttişi vəzifəsinini idmanla uyğunlaşdıra bilərək, məşqçilik fəaliyyətinə keçir. “Neftçi” idman klubunda , sonradan özünün təsis etdiyi “Cəngi” klubunda ustad güləşçilər yetişdirməyə başlayır. İdman ustası və Əməkdar məşqçi Hicran Hüseynovun yetirmələri arasında adı güləş həvəskarlarına yaxşı tanış olan idmançılar az deyil. Dəfələrlə Avropa və dünya çempionu, olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı Rövşən Bayramovun, yeniyetmələr və gənclər arasında Avropa və dünya çempionu, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyurarının qalibi, “Bakı -2015” ilk Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarovun adını çəkmək kifayətdir. Amma bu siyahını bir qədər də uzatmaq mümkündür. Məsələn oraya yeniyetmələr arasında dünya çempionu Elnur Həsənovu, həmin yaş kateqoriyasında Avropa çempionluğunu qazanmış və dünya birinciliyində mükafata layiq yerlər tutmuş Seymur Hüseynovu, Şəbnəm Əhmədovanı, Nəsir Həsənovu, Fail İskəndərovu da əlavə etmək olar.

2000-ci ildən polis leytenantı Hicran Şərifov DİN-in Polis Akademiyasının idman sağlamlıq mərkəzinin sədri kimi polis kadrlarının fiziki hazırlığı, tədis-metodika məsələlri ilə məşğul olub. 2019-cu ilin dekabrında təqaüdə çıxması ilə əlaqədar olaraq, polis polkovnik-leytniantı rütəsində vəzifəçini başa vurub.

Hicran müəllimin güləş hakimliyi sahəsindəki fəaliyyəti maraqlı məqamları, böyük uğurları ilə daha zəngindir. O, Azərbaycan “Qızıl fit” mükafatına layiq görülən ikinci hakimdir. Birinci “Qızıl fit”in sahibini bu gün Azərbaycanda uşaqdan böyüyə kimi hamı tanıyır. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatının final oyununu yan hakimi kimi idarə edən Tofiq Bəhrəmov meydan sahiblərinin Almaniya komandasının qapısına vurduğu mübahisəli topu qətiyyətlə hesaba alınmasını israr etdiyinə görə bu mükafata layiq görülüb və bununla da dünya futbol tarixinə düşüb. Bundan 46 il sonra 2012-ci ildə elə həmin Londondan ikinci “Qızıl fit”i ölkəmizə Hicran Şərifov gətirib. London Olimpiadasında ən yaxşı güləş hakimi kimi aldığı bu mükafat Azərbaycan güləşində hələ ki, yeganədir.
İlk dəfə olimpiya yarışlarını Pekində idarə edən görkəmli hakimiz sonradan Londan və Rio-de Janeyro Oyunlarında da güləş üzrə çətin görüşləri idarə edib. Pekində ilk dəfə olimpiya xalçası üzərinə çıxdığı anları Hicran müəllim belə xatırlpayır:

- Nə gizlədim, həyəcandan bədənim əsirdi. Amma görüşün başlaması barədə verdiyim fitdən sonra, hər şeyi unutdum, mənim üçün artıq nə möhtəşəm idman sarayının əzəməti var idi, nə də tamaşaçı tribunalarının gurultusu. Mən ancaq xalça üzərində baş verənləri izləyirdim, artıq heç nəyi görmür, heç kəsi eşitmirdim. Sonrakı görüşlər daha asan keçdi. Londonda isə mən artıq olmipiya hakimi kimi, müəyyən təcrübəyə malik idim.

Rioda güləş hakimlərinin işi daha gərgin idi. Londonla müqayisədə bu olimpiadada hakimlər heyətinin sayı 80-dən 50-yə endirilmişdi. Onlardan da 9 nəfəri hakimlər heyətində təlimatçı, daha 5-i supervayzer rolunu icra edir, yəni, təşkilatçılıq və nəzarət işlərini həyata keçirirdi. Bilavasitə xalça üzərində işləyəcək hakimlər siyahısında Hicran Şərivovun adı birinci idi.

Amma Hicran müəllim indiyə kimi idarə etdiyi bütün görüşlər arasında birini xüsusi olaraq, ayırır. O həmin görüşü “Zəhmətlə zəfərə doğru” kitabında da xatırlayır. 2001-ci ildə dünya çempionatında hər ikisi dünya və olimpiya çempionu olan İran və ABŞ pəhləvanlarının görüşününün idarə olunması azərbaycanlı hakimə tapşırılır. Bütün dünya bu qarşılaşmanı səbirsizliklə gözləyirdi. O vaxt Hicran Şərifovun təcrübəsi elə də böyük deyildi, hakimliyə yenicə başlamışdı. Təlimatçılar son dərəcə diqqətli olmağı tapşırmışdılar. Gənc hakim təbii ki, böyük həyəcan içində idi. Amma sonradan vəziyyəti nəzarət altına ala bildi və görüşü yuksək idarəçilik səviyyəsində başa vurdu.

Hicran müəllim bü gün də idmandakı fəal çalışmalarını davam etdirir. Rəhbərlik etdiyi “Cəngi” idman-sağlamlıq mərkəzində gələcəyin pəhləvanlarını yetişdirir. 2013-cü ildən Milli Olimpiya Komitəsində Nəzarət Təftiş Komitəsinin sədridir. Elmi-pedaqoji sahədəki fəaliyyəti də diqqətə layiqdir. Azərbaycanda idmanın elmi əsaslarını möhkəmlədən neçə-neçə monoqrafiya, kitab və məqalələrin müəllifidir. Uşaq-Gənclər İdman Məktəblərinin idarə olunmasının elmi-pedaqoji əsasları adlı elmi işinə görə pedaqoqika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycan idmanın inkişafına verdiyi böyük töhfələr, bu sahədəki çoxillik və məhsuldar əməyi dövlət tərəfində yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamları ilə “Tərəqqi” medalına (2008-ci il), Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına (2010-cu il) və “Şöhrət” ordeninə layiq görülüb.



Xəbər 1016 dəfə oxundu.