İdmana məhəbbətlə
Bu gün Azərbaycan idmanında, olimpiya hərəkatında xüsusi bir gündür. Cənab İlham Əliyevin 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti seçilməsinin 23 ili tamam olur.

Demək olar, elə həmin gündən ölkəmizin idman həyatında, olimpiya hərəkatında yeni mərhələyə start verildi və əsl inqilabi dəyişikliklər baş verməyə başladı. Təsadüfi deyil ki, yuxarıda xatırlatdığım iclasdan heç bir il keçməmiş, 1998-ci ilin mart ayında İsveçrənin Lozanna şəhərindəki görüşdə Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Xuan Antonio Samaranç Azərbaycan MOK-unun rəhbəri İlham Əliyevə müraciətlə demişdi: “Azərbaycanda olimpiya hərəkatı, olimpizm, Olimpiya oyunları, ümumiyyətlə, idman sahəsində işin canlanması son zamanlar açıq-aşkar hiss olunur. Azərbaycanda idman hərəkatında canlanmanı və müsbət istiqamətdə dönüşü şəxsən mən yüksək qiymətləndirirəm. Sizin ardıcıl və məqsədyönlü fəaliyyətiniz Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana daha da böyük qayğı və diqqətlə yanaşmasına geniş imkanlar açır”.

Bu gün dövlətimizin və idmanımızın lideri olan İlham Əliyevin ünvanına belə xoş sözlər çox deyilib. Azərbaycan Milli Olimpiya Komitəsi prezidentinin idmana məhəbbətlə ardıcıl və məqsədyönlü fəaliyyətinin, onun olimpiyaçılar komandasının əldə etdiyi böyük uğurların nəticəsidir ki, respublikamız idmanın sürətlə inkişaf etdiyi ölkə kimi beynəlxalq dairələrdə yüksək nüfuz qazanmış və nailiyyətlərimiz hər yerdə rəğbətlə qarşılanır.

İlham Əliyevin Azərbaycanda olimpiya hərəkatına rəhbərlik etdiyi illər ərzində görülmüş işlərin, ölkəmizdə təşkil edilmiş yarışların miqyasının necə böyük olduğunu, haqlı olaraq sınaq və şöhrət meydanı adlandırılan Olimpiya oyunlarında layiqli qələbələr qazanıldığını ümumdünya olimpiyaçılar ailəsi yaxşı bilir.

Azərbaycanın artıq beş ildir ki, tarixdə özünə Avropa Oyunlarının vətəni kimi yer etməsi çox şeyə sübutdur. Qitəmizin idman hərəkatında yeni səhifə açmış “Bakı—2015” mükəmməl təşkil edilən möhtəşəm bir idman bayramına çevrildi. Bundan iki il sonra yenə gözəl paytaxtımıza həvalə olunan IV İslam Həmrəyliyi Oyunları da hamıya unudulmaz anlar yaşatdı. Azərbaycan idmançılarının Avropa Oyunlarında ümumi hesabda yalnız Rusiya komandasından geri qalıb ikinci yeri tutmaları, İslamiadanın qalibi olmaları isə həmvətənlərimizin yüksək ustalığının parlaq təzahürü idi.

Son iyirmi üç il ərzində ali idman qurumları, ayrı-ayrı beynəlxalq federasiyalar özlərinin bir çox yarışlarının təşkilini şəhərimizə etibar etmişlər. Milli Olimpiya Komitəsi ətrafında vahid komanda şəklində fəaliyyət göstərən idman təşkilatlarımız da bu işin öhdəsindən məharətlə gəlmişlər. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula 1-in”, Ümumdünya Şahmat Olimpiadasının, dünya və Avropa çempionatlarının, olimpiya təsnifat turnirlərinin və daha neçə-neçə mötəbər yarışın şahidi olmuş idman həvəskarları bu startlardan əsl zövq almışlar.

Təəssüf ki, artıq yeddinci ayını yola saldığımız 2020-ci ildə dünya, demək olar, yarışsız, nəhəng stadionların, idman saraylarının tribunaları tamaşaçısız qalmışdır. Yarış meydanlarında rəqabət əvəzinə planetin hər yerində COVİD—19-a qarşı mübarizə aparılır.

Azərbaycan dövləti, şəxsən Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev hətta belə çətin dövrdə də idmana qayğı və diqqəti azaltmır. İki ay əvvəl, iyunun 3-də Tərtərdə daha bir Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi, respublikamızda belə sağlamlıq və gümrahlıq mənbələrinin sayının 46-ya çatdırılması qürurverici göstəricidir!

Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi Azərbaycan idmanına, olimpiya hərəkatına öz töhfələrini verməkdə davam edir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

31.07.2020

Xəbər 1094 dəfə oxundu.