MLS-in səkkizdəbir final mərhələsinə yekun vurulub
Amerika Milli Futbol Liqasında (MLS) pley-off mərhələsinin səkkizdəbir final mərhələsinə yekun vurulub.

“Kolambus Kryu” səkkizdəbir final mərhələsində “Minnesota Yunayted”lə qarşılaşıb. İlk hissəni qonaqlar Robin Lodun vurduğu qol sayəsində minimal üstünlüklə başa vurublar.

Fasilədən sonra isə hesabda tarazlıq yaranıb. “Kolambus Kryu”nun futbolçusu Qyasi Zardes fərqlənib. Matçın əsas vaxtı heç-heçə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələrdə daha dəqiq olan Minnesota təmsilçiləri qalib gələrək növbəti mərhələyə adlayıblar.

Günün digər görüşündə də komandalar eyni ssenari üzrə çıxış ediblər. Söhbət “Portlend Timbers” və “Sinsinnati” oyunundan gedir. Birinci hissədə tərəflər çox çalışsalar da, hesab açılmayıb. Matçın 67-ci dəqiqəsində Yaroslav Nezqoda hesabı açıb. Lakin 81-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Yurgen Lakodia diqqət mərkəzinə düşüb.

Matç 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Portlend Timbers” futbolçuları daha dəqiq olublar. Bununla da komanda dörddəbir finala adlayıb.

Xəbər 606 dəfə oxundu.