“FIFA 2020” Birinci Liqasına start verilib
Aprel-mayda Azərbaycanda “FIFA 2020” üzrə təşkil olunan ilk virtual futbol turniri uzun zamandır futbolsuz qalan azarkeşləri ekran qarşısına qaytarmağı bacardı.

Adıçəkilən oyun futbol həvəskarları üçün gözəl alternativdir. “FIFA 2020” oyunçulara peşəkar futbol yarışlarının möhtəşəmliyini yaşamağa, eyni zamanda azarkeşlərə də bu populyar oyunu virtual formatda nümayiş etdirməyə imkan yaradır.

Azərbaycan kiberidman tarixində əlamətdar hadisəyə çevrilmiş turnirin artıq “FIFA 2020” Birinci Liqasının keçirilməsi qərara alınıb. İyulun 27-də start götürəcək turnir “PlayStation4” platformasında onlayn formatda keçiriləcək və “YouTube”, habelə “İdman TV” kanalı ilə yayımlanacaq. Ölkənin aparıcı idman kanalında nümayiş etdiriləcək qarşılaşmaları kanalın şərhçiləri təqdim edəcəklər.

Ölkəmizin ayrı-ayrı bölgələrini təmsil edən 20 iştirakçı 38 turdan ibarət uzun marafonda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışa yeni 5 iştirakçı qatılacaq – “Siazan Castles” (Elton Hüseynov), “Balakhani Oilers” (Ravil Abışov), “Tovuz Vinegrovers” (Ənvər Əliyev), “Beylagan Lynx” (Nicat Mustafalı) və “Barda Knights” (Orxan Bayramov).

Turnirin mükafat fondu 20 min manatdır. Mövsümün sonunda qalib iştirakçı 500, ikinci yerin sahibi 300, üçüncü yerdə qərarlaşan kiberidmançı isə 200 manat qazanacaq.

İştirakçıları hər qələbəyə – 30, heç-heçəyə – 25, məğlubiyyətə görə isə 20 manat məbləğində mükafatlar gözləyir. Turnirin ən sərrast bombardiri də mükafatlandırılacaq.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “İdman TV”, Azərbaycan Kiber İdman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və “Topaz”ın birgə təşkilatçılığı keçiriləcək Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq.

Turnirin baş sponsoru “Kapital Bank”, sponsoru “Mountain Dew” şirkətidir.

Xəbər 493 dəfə oxundu.