COVİD-19 olmasaydı...
Bu gündən başlayaraq avqustun 9-dək, 17 gün ərzində planetin bütün guşələrində uşaqdan tutmuş böyüyədək hər kəsin bir gözü, bir qulağı Tokioda olacaqdı. Tarixində ikinci dəfə (ilk dəfə 1964-cü ildə) Yay Olimpiya Oyunlarının təşkilatçısı olmaq hüququ qazanmış Yaponiya paytaxtında XXXII Olimpiadanın təntənəli açılış mərasimi məhz bu günə, iyulun 24-nə təyin edilmişdi. Amma ilin əvvəlindən dünyada tüğyan edən koronavirus pandemiyası arzularımızın qarşısında sipər çəkdi.

“Gündoğar ölkə”yə aparan yollar hələlik bağlıdır, Olimpiada startlarına ən tezi bir ildən sonra sevinə bilərik. Tokioda ən ali idman məclisinin açılış mərasimi 2021-ci il iyulun 23-nə təyin edilib. Təşkilatçılar da, idmançılar da, onların pərəstişkarları da yaxşı bilirlər ki, COVİD-19 məğlubedilməz deyil, dünya möhkəm birliyi, həmrəyliyi, iradəsi və əsl qələbə əzmi ilə koronavirisa öz gücünü göstərəcək. Bir qədər də təmkinli olub, soyuqqanlılığımızı itirməyək. Dünyanın idman həyatının tam gücü ilə işə başlamasına az qalır.

Hələlik Tokioya 15 “biletimizin” olduğunu da xatırladım. Onlardan üçünün sahibi artıq olimpiya fəxri kürsüsünə yüksəlməyi bacarmışdır. Sərbəst güləş ustası Şərif Şərifov London—2012-dən Azərbaycana qızıl medalla qayıtmış, Rio-de-Janeyro—2016-da bürünc mükafatçı olmuşdur.

Digər güləşçimiz Mariya Stadnik isə daha çox — üç Olimpiadada xalça üzərinə çıxaraq 2008-ci ildə Pekində bürünc medal qazanmış, 2012-də və 2016-da isə İngiltərə paytaxtında və Rio sahillərində yalnız finalda uduzmuşdur. İndi Stadnik Olimpiya oyunlarının üçqat mükafatçısı (1 bürünc, 2 gümüş medal) adını daşıyır. Qibtəediləcək nəticədir! Hələ dördüncü , bəlkə də, Mariya üçün qızıl Olimpiada da olacaq.

“On beşlər” sırasında daha bir olimpiya mükafatçısı taekvondoçu Milad Beiqi Hərçəqanidir. O, dörd il əvvəl cəsarətli döyüşü ilə fərqlənmiş və komandamıza bürünc medal qazandırmışdır.

Karateçilər — dünya, Avropa səviyyəli yarışlarda qazanmadığı ad-san qalmayan Rafael Ağayev və millimizdə onun komanda yoldaşı İrina Zaretska Tokio sınaqlarını səbirsizliklə gözləyirlər. Onların da olimpiya medalı qazanmağa, hətta çempion zirvəsini fəth etməyə gücləri çatar. Xüsusən də Ağayevin.

Elə birinci Avropa Oyunlarının çempionu boksçu Tayfur Əliyev, Zöhrə Ağamirova (bədii gimnastika), habelə Olimpiadaya vəsiqələri artıq özlərinə təmin etmiş digər səkkiz idmançımız da gələcəyə ümidlə baxmalıdır.

Qalır COVİD—19-a tam qalib gəlib, gələn il bu zaman XXXII Olimpiya Oyunlarının başlanmasını gözləmək.

P.S. Şərif Şərifov haqqında danışarkən onun üçün çox uğurlu bir rəqəmi də qeyd edə bilərdim. Yaxşı ki, boşluğu doldurmaq üçün hələ gec deyil. Olimpiya çempionumuz 1988-ci il noyabrın 11-də, yəni on birinci ayın on birinci günü anadan olmuş, London Olimpiadasına 2011-ci ildə lisenziya qazanmış, olimpiya fəxri kürsüsünün qızıl zirvəsini 2012-ci il avqustun 11-də fəth etmişdir...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

24.07.2020

Xəbər 534 dəfə oxundu.