WADA Nyu-Dehlidəki antidopinq laboratoriyasının fəaliyyətini bir il ərzində ikinci dəfə dayandırıb
Ümumdünya Antidopinq Agentliyi (WADA) Nyu-Dehlidəki laboratoriyanın fəaliyyətini bu il ərzində ikinci dəfə altı ay müddətinə dayandırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, dopinq test üsullarından birində uyğunsuzluq aşkarlandığına görə laboratoriyanın fəaliyyəti birinci dəfə 2019-cu ilin avqustunda dayandırılmışdı.

Pozuntular aradan qaldırılmadığı üçün yenidən araşdırmalar başlayıb və laboratoriya yarım ildən sonra ikinci dəfə cəzalandırılıb. Laboratoriyada altı ay ərzində hər hansı antidopinq yoxlamasının aparılması qadağan edilib.

Hindistan laboratoriyası 21 gün ərzində qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilər. Bununla belə, bu müddətdə uyğunsuzluqlar aradan qaldırılarsa, fəaliyyətin erkən bərpası üçün müraciət edilə bilər. Bu istiqamətdə dəyişikliklərin olmaması WADA-ya əlavə sanksiyalar tətbiq etməyə imkan verəcək.

Yeni cəza müddəti iyulun 17-də başlayır.

Xəbər 486 dəfə oxundu.