«Barselona» Albanı aldı
İspaniya «Barselona»sını indiki dövrün ilk transferini gerçəkləşdirib. Avro-2012-də sərgilədiyi oyunla diqqəti çəkən Xordi Albanın transferi barədə ilk məlumatı klub prezidenti Sandro Rossell verərək, «Valensiya»nın müdafiəçisini almaq istədiklərini açıqlayıb. Rosell mətbuat konfransında Alba ilə bağlı görüşlərin mətbuata vaxtından öncə sızmasından heç məmnun qalmadığını bildirib.

İdman.com.az saytının məlumatına görə, sonradan transferin baş tutduğu və təfərrüatı da bəlli olub. «Barselona»nın «Valensiya»ya ödəyəcəyi pul 14 milyon avro olacaq. İspan mətbuatının iddiasına görə, «Valensiya» 23 yaşlı futbolçu üçün 15 milyon avro istəyirdi. Futbolçunun özü ilə müqavilə 5 illikdir.
Beləcə, Xordi Alba «Barselona» gənclər komandasında başlamış karyerasını, Erik Abidalın yoxluğunda təkrar Katalan klubunda davam edə biləcək.

Sandro Rosell sözügedən mətbuat konfransında komandasının maliyyə vəziyyətindən də danışarkən,ötən mövsümdə 40 milyon avro qazanc əldə etdiklərini söyləyib və hədəflədiklərinin 2-qat artıq rəqəmə çatdıqlarını bildirdi. Bu pul «Barselona»nın cəmdə 340 miyon avroya çatan borclarının müəyyən hissəsinin ödənməsinə sərf ediləcək.

Xəbər 906 dəfə oxundu.