Azərbaycan ilk dəfə abilimpiya çempionatında təmsil olunacaq
İyulun 21-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov ilə Rusiya Abilimpiya Mərkəzinin rəhbəri Dina Makeyeva arasında onlayn formatda görüş keçirilib.

Görüşdə Azərbaycanda abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Komitənin prezidenti İ.Rəhimov bildirib ki, ölkəmizdə yaxın günlərdə Milli Abilimpiya Federasiyası təsis ediləcək. Abilimpiya hərəkatı vasitəsilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqramlarında iştirak edəcəklər.

İ.Rəhimov vurğulayıb ki, federasiya təsis ediləndən sonra milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Yeni federasiyanın yaradılmasına müvafiq dövlət orqanları və Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatlar dəstək verirlər.

Rusiya Abilimpiya Mərkəzinin rəhbəri D.Makeyeva Azərbaycanda bu hərəkatın yaradılmasının çox sevindirici olduğunu bildirib və iki ölkə arasında abilimpiya hərəkatı mövzusunda əməkdaşlığın davamlı olacağına əmin olduğunu vurğulayıb. Azərbaycanda abilimpiya hərəkatına olan diqqəti yüksək qiymətləndirib. Qeyd edib ki, yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyanın rəhbərliyini bu ilin noyabr ayında baş tutacaq Rusiya Milli Abilimpiya çempionatına dəvət edib.

Qeyd edək ki, aprelin 24-də Azərbaycan Milli Abilimpiya Federasiyasının Təşkilat Komitəsinə 2021-ci ilin mayında Moskvada keçiriləcək X Beynəlxalq Abilimpiya çempionatında Azərbaycan milli komandasının iştirakı üçün rəsmi dəvət məktubu daxil olub. Ölkəmiz ilk dəfə olaraq belə mötəbər yarışda iştirak edəcək.


Xəbər 470 dəfə oxundu.