Beynəlxalq media mütəxəssisi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən yazdı
Böyük Britaniyalı beynəlxalq media mütəxəssisi Dan Mason sosial şəbəkə hesabı üzərindən son dövrlər Azərbaycan və Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı fikirlərini paylaşıb. Qeyd edək ki, Den Meyson 2017-2020-ci illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Jurnalistikası” magistr proqramının rəhbəri olub.

O, hadisələrlə bağlı narahatlığını qeyd edərək zorakılıq və insan ölümlərindən dərin kədər və məyusluq hissini ifadə edib: "Bir çox insanın həyatını çoxdan məhv edən bir qarşıdurmada yaxınlarını itirən ailələrə ürəyim acıyır. Nə üçün? Beynəlxalq siyasətin qaranlıq kölgəsində yenə qan tökülür"- deyə o, bildirib.

Dan Mason bu hadisələrin fonunda baş verən informasiya müharibəsinə də toxunub: "Etibarlı faktları tapmaq çətindi və arxa hissə mürəkkəbdir. Ancaq bu bəhanə deyil. Siyasi vəziyyəti, təbii qaynaqları və iqtisadi mənzərəni nəzərə alaraq regional xəritəyə bir neçə dəqiqə nəzər salmağınızı istəyirəm. Bu zaman bir çox sualların cavabı Sizə aydın olacaq".

Beynəlxalq mütəxəssis öz paylaşımında müharibədən və münaqişələrdən ən çox uşaqların ziyan çəkdiyini və bütün bunlara səssiz qalmağın düzgün olmadığını da vurğulayıb: "Hər hansı bir millətdən olan uşağın qəlbində bu qədər böyük acı ilə, kədərlə böyüməsinə razı olmaq, göz yummaq qəbul olunmazdır" - deyə o, bildirib.

Dan Mason paylaşımını "Dünyanın daha yaxşısına layiq olan hissəsində tezliklə ədalət və sülhün bərqərar olmasını diləyirəm" sözləri ilə yekunlaşdıraraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun çavuşu Vüqar Sadıqovun övladlarının gözüyaşlı fotosunu paylaşıb.

Qeyd edək ki, Dan Mason 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir.

Xəbər 492 dəfə oxundu.