Mancukiçin maaşı ikiqat artacaq
Avropa çempionatında özünə diqqət cəlb etməyi bacaran alman «Volfsburq»unun və Xorvatiya yığmasının forvardı Mario Mancukiç «Bavariya» ilə danışıqlar aparması faktinı təsdiqləyib. Qitə yarışında 3 qolla fərqlənmiş 26 yaşlı hücumçu deyib: «Mən həqiqətən də «Bavariya» ilə danışıqlar aparıram. Böyük klubda oynamaq istəyirəm. Doğrudur, hazırda mən istirahətdəyəm və bu işlərlə agentim məşğuldur».

Elə futbolçunun agenti də bu faktı təsdiqləyib: «Biz çox şadıq ki, belə transfer baş tutacaq. Bu, Marionun düzgün addımıdı. Biz hər şeyi düz etmişik. «Volfsburq»da iki ildən sonra növbəti addım – daha yüksək səviyyəli kluba keçid məntiqəuyğundur».

Əgər xorvatiyalı «Bavariya»ya keçərsə, «Volfsburq» buna görə 12-15 milyon avro arasında pul alacaq. Oyunçunun özü isə Münhendə ilə 3,5 milyon qazanacaq. Bununla da Mancukiçin maaşı ikiqat artmış olacaq.
Ötən mövsümdə Mancukiç «Volfsburq»da 33 oyun keçirib və 12 qol vurub.
İvisa Oliçin «Volfsburq»a keçidindən sonra «Bavariya»nın hücum xəttində boşluq yaranıb. Münhenlilər «Mançester Siti»nin forvardı Edin Zekonu almaq istəyirdilər. Lakin ingilislər bosniyalı üçün 40 milyon avro istədiklərindən, bu transfer baş tutmadı.

İdman.com.az saytının məlumatına görə, əvvələr Mancukiçi «Barselona» və Moskva «Lokomotiv»inin də istədiyi bildirilirdi.

Xəbər 1040 dəfə oxundu.