Məşhur qanalı futbolçu Maykl Essien “Instagram”da Azərbaycan ilə bağlı paylaşım edib
Bakının “Səbail” futbol klubunun qanalı yarımmüdafiəçi Maykl Essien “Instagram”dakı şəxsi səhifəsində paylaşım edib.

Bu klubda çıxışını başa vuran futbolçu paylaşımında Azərbaycan ilə vidalaşıb. Azərbaycan bayrağı ilə fotoşəklini paylaşan futbolçu qeyd edib: “Azərbaycanda oynamaq xoş idi. Növbəti dəfə görüşənədək. Güclü və sağlam qalın!”. O, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar paylaşımında Azərbaycan dilində “Şəhidlər ölməz, vətən bölünməz!” sözlərini yazıb.

Qeyd edək ki, M.Essien “Səbail”ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin “Çelsi”, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarında çıxış edib.

Xəbər 493 dəfə oxundu.