UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb
İyulun 17-də UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün ilkin mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan dörd ölkənin - Şimali İrlandiya, Kosovo, Andorra və San-Marinonun çempionları iştirak ediblər. Püşkə əsasən, San-Marino və Şimali İrlandiya, Kosovo və Andorra çempionları üz-üzə gələcəklər. Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən püşkatmada ölkələrin adları yer alıb. İlkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə üç gün sonra neytral meydanda olacaq. Turnirin qalibi avqustun 18-19-da keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Şimali İrlandiya və San-Marinoda çempionlar müəyyənləşib. Belə ki, Şimali İrlandiyanı “Linfild”, San-Marinonu isə “Tre Fiori” klubları təmsil edəcəklər.

Xəbər 469 dəfə oxundu.