Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan komandası “Top-divizion”da mübarizə aparacaq
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan komandası 40 komandanın yer aldığı “Top-divizion”da mübarizə aparacaq.

Bunu qadın şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə açıqlamasında deyib.

Koronavirus pandemiyası səbəbindən Olimpiadanın ilk dəfə onlayn formatda keçiriləcəyini vurğulayan F.Sideifzadə iyulun 22-də start götürəcək yarışa avqustun 30-da yekun vurulacağını bildirib.

Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir keçirilir. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

AZƏRTAC

Xəbər 485 dəfə oxundu.