Dövlətimizin, Ordumuzun yanındayıq!
İyunun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribat törədərək ordumuzun mövqelərini, ərazilərimizi və mülki əhalini iriçaplı silahlardan atəşə tutub. Erməni təxribatı nəticəsində 12 hərbi qulluqçumuz və bir mülki vətəndaşımız şəhid olub, yaralılarımız var. Həmçinin, əhalinin yaşayış evlərinə ziyan dəyib.

Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi ilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların kütləvi terror və qanlı soyqırımına məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə, sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Sovet İmperiyasının süqutundan sonra da Ermənistanın xarici ölkələrin köməyi ilə Azərbaycana təcavüzü davam etmişdir.

Hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan ordusu tərəfindən işğal olunub. Nəticədə, 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətində yaşamağa məcbur olub.

30 ilə yaxındır ki, torpaqlarımız Ermənistanın işğalı altındadır. Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələrin qəbul edilməsinə baxmayaraq Ermənistan təcavüzkar siyasətinə davam edir, həmin sənədlərin tələblərini yerinə yetirmir.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur.

Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq.

İyunun 12-dən davam edən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatdan hiddətlənən Azərbaycan vətəndaşları Ali Baş Komandanımız İlham Əliyevə, Ordumuza, dövlətimizə öz dəstəyini nümayış etdirib, meydanlara axışıblar. Vətənpərvər gənclərimiz Hərbi Komissarlığa gedərək qeydiyyatdan keçib və könüllü olaraq vətənin müdafiəsinə qalxmaq üçün əzmkarlıq göstəriblər.

Biz də, idman jurnalistlərini birləşdirən qurum olaraq dövlətimizin, Ali Baş Komandanın, Ordumuzun yanındayıq. Hər zaman Vətənimizin bütövlüyü uğrunda döyüşə hazırıq!

Xəbər 508 dəfə oxundu.