Van Marveyk getdi – kim gəlir?
Avro-2012-nin ən uğursuz komandasının favoritlər sırasında olmasına baxmayaraq, xal üzünə həsrət qalmış Niderlandın olması, yəqin ki, heç kəsdə şübhə doğurmur. Əlbəttə ki, belə inanlımaz uğursuz nəticə ilə baş məşqçi kürsüsündə qala bilməzdi. Bert van Marveyk də üzüqara turnirdə komandasının çıxışı əsasında yığmanı tərk etmək qərarına gəlib: «Mənim bir qədər tərəddüdüm var idi. Ancaq yenə də getməyə qərar verdim» - deyən 60 yaşlı mütəxəssisin istefasını Niderland Futbol Assosiasiyası da qəbul edib. Qurumun idman direktoru Bert van Oostveen məsələ ilə bağlı deyib: «Federasiya van Marveykə minnətdardı. O böyük iş görərək, komandanı Avropa çempionatının final mərhələsinə və FİFA reytinqinin 1-ci pilləsinə qaldırdı. Şəxsən mən birgə işi yüksək dəyərləndirirəm. Əlbəttə, indi vidalaşmaq elə də xoş deyil. Ancaq hər şeyə real baxmaq lazımdır».

«Feyenoord»un və Dortmund «Borussiya»sının keçmiş sükançısı Niderland yığmasının sükanını 2008-ci ilin iyulunda Marko van Bastenin əlindən almışdı. Onun rəhbərliyi ilə komanda dünya çempionatının seçmələrində bir xal belə itirmədi, Cənubi Afrikada isə finaladək yüksəlib.
Van Marveykin gedişindən sonra artıq onun xələfinin kim olacağı gündəmi tutur. Artıq ondan boş qalan vəzifəyə kimin gələcəyi barədə söz-söhbət başlayıb. Niderland mətbuatına görə, potensial namizədlər arasında Luis Van Qaal, Ronald Kuman, Quus Hiddink və Frank Raykaard da var.

İdman.com.az saytının məlumatına görə, Türkiyə millisi ilə uğur qazana bilməyərək istefaya göndərilmiş, indi də Rusiya «Anji»sini çalışdıran Quus Hiddinkin Niderland yığmasını götürmək istəyinin olduğu bildirilir. Komandanın sükanına keçə biləcək namizədlərdən olan Frank Raykaard, Van Qaal və Hiddink də əvvəllər Niderland millisi ilə çalışıblar. Raykaardın rəhbərliyi altında Niderland Avro-2000 yarımfinalında İtaliyaya oyunsonrası penaltılərdən yenilmişdi. Turnirdən sonra keçən 12 ildə «Barselona», «Qalatasaray» kimi komandaları çalışdırmış Raykaard indi daha təcrübəli mütəxəssis olub. 2006-cı ildə «Barselona» ilə Çempionlar Liqası zəfərini yaşamış mütəxəssis hazırda Səudiyyə Ərəbistanı millisini çalışdırır.
Yığmanın baş məşqçiliyinə nüfuzlu namizədlərdən biri Ronald Kuman əvvəllər milli ilə işləmək istəyini bildirmişdi.

Xəbər 1085 dəfə oxundu.