Azərbaycan-Kuba idman əlaqələri
Artıq məlum olduğu kimi, iyulun 13-də 115 nəfər kubalı peşəkar həkim-mütəxəssis COVİD-19-a qarşı mübarizə tədbirlərində iştirak etmək üçün Bakıya gəlib. On üç saat ərzində 11.880 km məsafə qət edib azərbaycanlı həkimlərlə, Azərbaycan xalqı ilə birlikdə olduqlarını bildirən dostlarımıza Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Qranma” qəzetində dərc edilmiş bir məqalədə deyildiyi kimi, “virusa qarşı mübarizədə ən effektli vaksin olan insanlıq və həmrəylik” nümunəsinə görə təşəkkürümüzü ifadə edib, artıq yarım əsrlik tarixə bərabər Azərbaycan-Kuba idman əlaqələri haqqında danışaq.

Bu əlaqələrin möhkəmliyi mənə öz təcrübəmdən də yaxşı məlumdur. Hər halda, həyatımın düz bir ilini (1966-cı ilin sentyabrından 67-nin sentyabrına kimi) Azadlıq adasında, paytaxt Havanada yaşamış və tərcüməçi işləmişəm. Hələ onda hiss olunurdu ki, 1959-cu il yanvarın 1-də Fidel Kastronun rəhbərliyi ilə diktator Batista rejimini məhv edən inqilabın qələbəsindən cəmi 6-7 il sonra ölkədə idmana maraq az deyil. 1966-cı ilin payızında növbəti Ümumdünya Şahmat Olimpiadasının “Habana Libre” (“Azad Havana”) otelində keçirilməsi də dediklərimizi təsdiq edir.

Kuba idmanı nümayəndələri ilə əlaqələrimizdən biri 1975-ci ildə Bakıda baş tutmuşdur. Həmin il mən həm “İdman” qəzetinin əməkdaşı, həm də tərcüməçi kimi Azərbaycan və Kubanın su polosu üzrə yığma komandaları arasında iki yoldaşlıq görüşünün şahidi oldum. Qonaqlarımız hər iki oyunda 4:5 və 6:8 hesabı ilə uduzsalar da məyus olmadılar, əksinə, razı qaldılar. Çünki onlar yaxşı bilirdilər ki, ustalıq və təcrübə məhz belə görüşlərdə artır...

1970-ci illərdə Azərbaycan Dövlət İdman Komitəsi sədrinin müavini işləmiş Şövkət Orduxanov 1978-ci ildə “Dünya dostumuzdur” adlı bir kitab nəşr etdirmişdir. Azərbaycan idmanının 1926-cı ildən 1976-cı ilin sonunadək beynəlxalq əlaqələrindən bəhs edən kitabda Kuba atletləri ilə yoldaşlıq görüşlərinə də geniş yer ayrılmışdır. Həmin kitabla tanışlıq zamanı məlum oldu ki...

“Kubada inqilabın qələbəsindən sonra Azərbaycan idmançıları birincilər sırasında uzaq Azadlıq adasının gəncləri ilə əlaqə yaratmışlar. 1964-cü ildə Kuba xalqının elçiləri, ölkənin gənclərdən ibarət yığma voleybol komandası Azərbaycan torpağında səmimiyyətlə qarşılanmışdır. Qonaqlar Bakıda və Sumqayıtda dörd görüş keçirmişlər.

Bir il sonra Kuba voleybolçuları yenidən respublikamıza gəldilər. Bu dəfə onları milli yığma komanda təmsil edirdi. Kuba voleybolçuları altı görüşün hamısında uduzmalarına baxmayaraq, yaxşı təsir bağışlamış və dəfələrlə tamaşaçıların alqışlarını qazanmışlar.

Elə həmin il Azərbaycanın basketbol üzrə idman nümayəndə heyəti Kubaya 18 günlük səfərə çıxdı. Havana, Santyaqo-de-Kuba, Olgin, Kamaquey, Pinar-del-Rio. Azərbaycan nümayəndə heyətinin Azadlıq adasında səfəri bu marşrutla keçmişdir.

Kuba və Azərbaycan basketbolçularının yığma komandalar səviyyəsində keçirilmiş altı matçından üçü bizim idmançıların, üçü isə kubalıların xeyrinə başa çatmışdır.

1966-cı ildə Azərbaycanın daha bir idman nümayəndə heyəti Kuba Respublikasının qonağı olmuşdur. Bu dəfə Kubada sərbəst güləş üzrə yığma komanda çıxış etmişdir. Azərbaycan pəhləvanları Azadlıq adasında 10 birgə məşq və nümunəvi görüşlər keçirdilər, axırda isə Kubanın açıq birinciliyində iştirak etdilər. Azərbaycanın altı atleti — F. Tağıyev, M. İbrahimov, K. Həsənov, F. Həsənov, S. Çiqoyev və A. Palko Kuba çempionları oldular, X. Hüseynov isə gümüş medal qazandı”.

Sonralar da Azərbaycan və Kuba idmanı nümayəndələri yarış meydanlarında kifayət qədər tez-tez qarşılaşmış və bütün görüşlər nəticədən asılı olmayaraq, hər iki tərəf üçün faydalı olmuşdur.

Dünyaya olimpiya çempionları boksçu Teofilo Stevenson, yüngül atlet Alberto Xuantorena, habelə görkəmli basketbolçu Pedro Çappe kimi mahir ustalar vermiş Kuba təkcə idmanda deyil, həyatın bütün sahələrində, o cümlədən gözlənilmədən planetimizdə peyda olmuş koronavirusa qarşı mübarizədə də Azərbaycanla tam həmrəydir.

P.S.2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandası heyətində çıxış edərək 64 kq çəki dərəcəsində gümüş medal qazanmış boksçu Lorenso Sotomayorun Kuba idmanının yetirməsi olduğunu da qeyd edək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

15.07.2020

Xəbər 721 dəfə oxundu.