Dünya Güləş Birliyinin növbəti vebinarı keçirilib
Dünya Güləş Birliyinin (UWW) növbəti vebinarı baş tutub.

Mövzusu “COVID-19 virusunun öhdəsindən gəlmək və yenidən güləşə qayıtmaq” olan vebinarda idman həkimi və bu sahə üzrə alim Babək Şadqan çıxış edərək koronavirusla bağlı detallara toxunub və pandemiya şəraitində güləşçilərin özünü qoruması, eləcə də məşqlərini necə davam etdirmələri ilə bağlı məsləhətlərini çatdırıb.

Doktor Şadqan əvvəlcə koronavirusun ümumi əlamətlərini qeyd edib.

Vebinarda güləşçilərə tövsiyə olunub ki, xəstəlikdən maksimum qorunmaq və bunun qarşısının alınması üçün düzgün qidalanma və vitaminlərlə immunitet sistemini gücləndirmək, müntəzəm aerobika məşqləri vacibdir. Bundan başqa, tez-tez 20 saniyə müddətində əlləri yumaq, hər məşqdən əvvəl və sonra duş almaq, məşq avadanlığını məşqdən əvvəl və sonra təmizləmək, eyni qabdan su içməmək və eyni dəsmaldan istifadə etməmək, fasilə zamanı komanda yoldaşlarından və məşqçilərindən müəyyən məsafədə durmaq, məşqdə yalnız bir və sağlam olan idmançı ilə güləşmək, son dərəcə ehtiyatlı və məsuliyyətli olmaq, uzun qollu idman geyimindən istifadə etmək lazımdır.

Sonda mühazirəçi qeyd edib ki, koronavirusun müalicəsi və peyvəndi tapılanadək məşqlərdə məhdud sayda güləşçilər iştirak etməli, onlar maksimum dərəcədə məsuliyyətli və ehtiyatlı olmalıdır.

Xəbər 564 dəfə oxundu.