«Barselona» Daşçını istəyir
Dünya nəhənglərindən olan ispan «Barselona»sı alman Bundesliqasından «Stuttqart»ın türk əslli müdafiəçisi Sərdar Daşçıya marağı ilə gündəmdə yer alıb. «El Mundo Deportivo»nun yazdığına görə, alman klubuyla 2014-cü ilə qədər müqaviləsi olan Sərdar üçün 10 milyon avro istənib və onunla maraqlanan komandalar arasında «Tottenhem», «Roma», «Yuventus» və «Fiorentina» da var. Hələ 25 yaşında olmasına baxmayaraq, fiziki hazırlığı və sürəti ilə seçilən Serdarın Katalan klubuna keçə biləcəyi ən böyük ehtimal kimi göstərilir.

İdman.com.az saytının məlumatına görə, sükanına Tito Vilanovanı gətirən «Barselona» transfer axtarışlarına sürət verərkən ilk olaraq sol müdafiəsindəki problemləri həll etmək istəyir. Müdafiənin mərkəzində isə alternativ bir ad almağı planlaşdıran «Barselona»nın diqqətində olan futbolçu özü ona olan təkliflərlə bağlı bunları deyib: «Türkiyədən də təkliflər alıram, amma hələ ki, oynadığım komandadan məmnunam. 2014-cü ilə qədər sürəcək bir müqaviləm var. Lakin yaxşı bir komandadan gələcək təkliflər barədə düşünə bilərəm».


Xəbər 910 dəfə oxundu.