Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib
İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib.

Turun açılış matçında çempionatda sonuncu pillədə qərarlaşan “Norviç Siti” öz meydanında “Vest Ham Yunayted” komandası ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4. Oyunda bütün qolları “Vest Ham Yunayted” klubunun hücumçusu Mihail Antonio vurub.

Bu qələbə sayəsində “Vest Ham Yunayted” xal ehtiyatını 34-ə çatdıraraq turnir cədvəlində 16-cı yerdədir. “Norviç Siti”nin isə 21 xalı var.

Turun erkən başlayan digər görüşündə isə “Vatford” klubu “Nyukasl Yunayted” komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Vatford” klubunun heyətində hər iki qolu Troy Diney vurub. Bu oyundan sonra “Vatford” 34 xalla 17-ci, “Nyukasl Yunayted” isə 43 xalla 13-cü sırada yer alıb.

Xəbər 604 dəfə oxundu.