Azərbaycan həndbolunun əfsanələri
Rəfiqə Şabanova, Lyudmila Şubina, Larisa Savkina. Dünya şöhrətli bu mahir həndbol ustalarının adları Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılmışdır. Hər üçü Sovet İttifaqının yığma komandası heyətində Olimpiya oyunlarının çempionu olmuş və bu görkəmli nailiyyətə görə SSRİ Əməkdar idman ustası adına layiq görülmüşdür. Rəfiqə xanım və Lyudmila Yeqorovna 1976-cı ildə Monreal (Kanada) Olimpiadasında, ailə həyatı qurduqdan sonra Berkova soyadı daşımağa başlayan Savkina isə Moskva — 80-də, XXII Olimpiya oyunlarında əsl qəhrəmanlıq nümunəsi göstərmiş, fəxri kürsünün ən yüksək pilləsində qızıl medalın hədsiz sevincini yaşamışlar.

Təsadüfi deyil ki, Şabanova və Şubina Monreal Olimpiadasından Bakıya qayıtdıqdan sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onları, eləcə də, həmin Oyunların gümüş mükafatçısı olmuş digər həmyerlimiz, voleybolçu İnna Rıskalı qəbul edərək qızların böyük uğurlarını yüksək qiymətləndirmişdi. Həmin görüşdən 27 il sonra Rəfiqə xanım “Olimpiya” jurnalının 2003-cü il tarixli saylarından birində dərc olunmuş xatirələrində deyəcəkdi:

“... Qəbuldan əvvəl partiya funksionerlərindən kimsə öz çətinliklərimizdən söz açmağı bizə məsləhət görmədi. Görüş zamanı Heydər Əliyevin qələbəmizlə fəxr etdiyi aydınca hiss edilirdi. Sonda o, çox böyük səmimiyyətlə, bir ata nəvazişi ilə problemlərimizlə maraqlandı. O illərdə artıq valideynlərim yaşlı idilər. Səfərdə olanda ürəyim onların yanında qalırdı, narahatçılıq içində yaşayırdım. Həmin dövrdə telefon çəkdirmək üçün növbəyə yazılmaq lazım idi. Növbənin çatması isə texniki imkanlardan asılı olaraq, bəzən 5-6 il çəkirdi. Mən telefonla bağlı çətinliyi Heydər Əliyevə bildirdim və əlavə etdim ki, müvafiq təşkilata müraciət etmişəm və mümkün deyil cavabını almışam. Heydər Əliyev çox qəti tərzdə: Əgər mümkün deyilsə, bunu mənə niyə deyirsiniz? — deyə soruşdu. İnanırsınız, bir-iki gün keçmişdi ki, tanımadığım adamlar qapını döydülər, məni xəbər aldılar. Doğrusu, əvvəl bir az qorxdum. Amma, deyəndə ki, telefon çəkəcəklər, sevincimin həddi-hüdudu olmadı. Heydər Əliyev çox həssas bir insan idi. O, mənim valideynlərimlə bağlı narahatçılığımı qəlbən duydu və mənə əl tutdu...”

İndi tarixdə Azərbaycan həndbolunun əfsanələri kimi yaşayan həmin xanımlar ötən əsrin altmış-səksəninci illərində meydanda böyük ustalıq və fədakarlıq göstərmişlər. Respublikamızda həndbolun inkişafının və ona marağın gur vaxtlarında Olimpiya çempionları üçlüyümüz və onların rəfiqələri Bakı İdman Malları Fabrikinin (sonralar “Spartak” adlanmışdır) komandası və Azərbaycan yığma kollektivi heyətlərində Sovet İttifaqı çempionatlarında, SSRİ xalqlarının spartakiadalarında dəfələrlə mükafatçılar sırasında yer tutmuş, həm də Beynəlxalq Həndbol Federasiyasının kuboku uğrunda turnirin finalında oynamışlar.

Görünür, o zaman bir çox il ərzində “İdman” — “Sport” qəzetlərində idman oyunları şöbəsinə rəhbərlik etmiş həndbol üzrə SSRİ idman ustası Anatoli Şilyayev və digər məşhur mütəxəssis Kamal Kəbirlinskini birgə səylə 1982-ci ildə “Əl topu oyunu” adlı kitab yazmağa da həmin komandaların böyük uğurları sövq etmişdi. “Maarif” nəşriyyatında 2000 nüsxə tirajla nəşr olunmuş kitab respublikamızda həndbolun geniş yayıldığı bir vaxtda çox yerinə düşmüş və bədən tərbiyəsi müəllimləri, məşqçilər, tələbələr üçün dəyərli bir vəsait idi.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

11.07.2020

Xəbər 1172 dəfə oxundu.