Novak Cokoviçin “US Open” turnirində iştirak edib-etməyəcəyi müəyyənləşməyib
Təşkil etdiyi “Adria Tour” turnirindən sonra tənqidlərə məruz qalan Novak Cokoviç heç də özünü yaxşı hiss etmir. Üstəlik koronavirusa yoluxduğuna görə özünü cəmiyyətdən təcrid edən tennisçi avqustda bərpa ediləcək tennis mövsümünə də hazırlaşa bilmir.

ATP reytinqində ilk pillənin sahibi olan Novak Cokoviç Serbiyanın “Sportski Jurnal” nəşrinə müsahibə verib. “Nole” ləqəbli tennisçi avqustun sonunda keçiriləcək “US Open” turnirində iştirak edib-etməyəcəyini müəyyənləşdirə bilmədiyini söyləyib: “Konkret qərar qəbul etməmişəm. “US Open”də iştirak edib-etməyəcəyimi bilmirəm. Bircə onu dəqiq deyə bilərəm ki, Vaşinqtondakı turnirdə mübarizə aparmayacağam. “Western & Southern Open” turniri isə planlarıma daxildir. “Rolan Qarros” turnirində iştirak etməməyim üçün isə heç bir səbəb yoxdur. Madrid və Romadakı turnirlərdə də yarışmaq istərdim”.

N.Cokoviç Zaqrebdəki turnirdə koronavirusun yayılmasına səbəb olması ilə bağlı ittihamlara da cavab verib: “Son vaxtlar qərəzli tənqidlərə məruz qalmağımın fərqindəyəm. Haqqımda səsləndirilən fikirlər tənqid səviyyəsini də aşıb. Sanki bir qrup insan kabus ovuna çıxıb. Belə vəziyyətin yaşanmasına görə kimisə günahkar çıxarmalı idilər”.

Xəbər 556 dəfə oxundu.