Onlarsız “İdman” geniş oxucu rəğbəti qazana bilməzdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrlə əlaqədar hazırda respublikamızda bu əlamətdar hadisəyə geniş hazırlıq görülür. Sərəncam həm də mətbuat işçiləri üçün geriyə boylanıb, ötən günləri, keçilən yolu və həmkarları bir daha xatırlamaq üçün yaxşı fürsət yaradıb.

Zəngin tarixə, dərin ənənələrə malik 145 yaşlı milli mətbuatımızın ən qocaman üzvlərindən biri artıq 88 ildir ki, əsl qaçışçı kimi yorulmadan Azərbaycan idmanının təbliğinə və inkişafına xidmət edən “İdman” qəzeti bu marafon məsafəsində qət etdiyi yoldan razı qala bilər. Əvvəllər “Azərbaycan bədən tərbiyəçisi”, sonralar isə “İdman” adı ilə oxucularla görüşə gələn qəzetin kollektivi daim Azərbaycan idmanının təbliğinə sədaqətlə xidmət edib və bu işə öz layiqli töhfələrini verib.

Biz əvvəlki yazılarımızda “İdman”ın təşəkkülündə və məşhurlaşmasında böyük xidmətləri olmuş Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Oqtay Atayev, Arif Şəfizadə, Paşa Əmirov, Elman Cəfərli, Xədicə Orduxanova, Yuli Segeneviç və bir çox başqaları haqqında söhbət açmışıq. Amma onların hamısı Bakıda, “baş qərargah” adlandıra biləcəyimiz redaksiyada yazıb-yaratmışdır. Bir qrup həmkarımız isə ştatdankənar müxbir kimi digər şəhər və rayonlarımızda fəaliyyət göstərmişdir. İndi ötən günləri gözlərimiz önündə canlandırarkən belə bir qənaətə gələ bilərik ki, ştatdankənar müxbirlərimizin səmərəli fəaliyyəti olmasaydı, “İdman” qəzeti geniş oxucu rəğbəti qazana bilməzdi.

Həmin həmkarlarımızı bir daha xatırlamağı, həyatda olanlara cansağlığı arzulamağı, vəfat etmişlərə ruhunuz şad olsun deməyi özümüzə borc bilib, o uzaq illərə qayıdaq. Milli mətbuatımızın 145 illik yubileyinin geniş qeyd olunacağı bir vaxtda bu xatırlama, zənnimcə, yerinə düşər.

Beləliklə, Naxçıvan Muxtar Respublikasından Rüstəm Abbasov, Gəncədən idman ustası Fazil Quliyev, Sumqayıtdan Məcnun Əliverdiyev, Mingəçevirdən Əliisgəndər Yusifov, Lənkərandan Asəf Məmmədoğlu və Zakir Bağırov, Əli Bayramlıdan (indiki Şirvandan) boks üzrə beynəlxalq dərəcəli hakim Vaqif Gözəlov, Qubadan Cəlal Mehrəliyev, Qazaxdan Akif Binnətov, Saatlıdan hazırda “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov, Puşkin (indiki Biləsuvar) rayonundan Qurban Çobanoğlu, Zəngilandan Akif Kərimov və bir çox başqaları qəzetimizlə əməkdaşlıqdan məmnunluq duyur, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırdılar. Hər həftə onların redaksiyaya göndərdikləri, bəzən də gətirdikləri yazılar belə düşünməyə tam əsas verir.

Əlbəttə, Bakıda da “İdman”la yaxından əməkdaşlıq edən təcrübəli qələm sahibləri, tanınmış mütəxəssislər çox idi. Onlardan heç olmasa bir neçəsinin adını çəkək: FİFA hakimlərinin Azərbaycanda ilk səlahiyyətli nümayəndəsi Tofiq Bəhramov, yunan-Roma güləşi üzrə SSRİ əməkdar məşqçisi Ehsan Kərimov, hazırda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, məşhur qapıçı və şərhçi Çingiz İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Kamal Rzayev, qılıncoynatma üzrə SSRİ Əməkdar məşqçisi Yaşar Məmmədov, sambo üzrə Ümumittifaq dərəcəli hakim Rauf Şəfiyev, basketbol üzrə idman ustası Valeri Muxin, bir neçə il ərzində “İdman” qəzetinin “Şahmat” əlavəsinin redaktoru olmuş, bizim günlərdə isə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideyifzadə, ağırlıqqaldırma üzrə idman ustası Namiq Əzizov və bir çox başqaları. “İdman”ın illər ötdükcə məşhurlaşıb, geniş şöhrət qazanmasında onların qəzetin “Mütəxəssis rəyi” rubrikası altında verilmiş sanballı yazılarını və digər məqalələrini yada salmamaq olmaz.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

04.07.2020

Xəbər 1032 dəfə oxundu.