“Chessable Masters”: Maqnus Karlsen final mərhələsində üstünlüyü ələ alıb
Norveçli dünya çempionu Maqnus Karlsen “Chessable Masters” yarışının final oyununun ilk matçında hollandiyalı şahmatçı Aniş Girini məğlub edib.

İyulun 3-də onlayn formatda keçirilən matçda M.Kalsen tay-brekdə rəqibinə 3,5:2,5 hesabla qalib gəlib.

Qeyd edək ki, “Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

Xəbər 595 dəfə oxundu.