Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Womens Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək.

Yarımfinal görüşlərində rusiyalı şahmatçı Yekaterina Laqno həmyerlisi Valentina Qunina, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşarieh (İran) ilə mübarizə aparacaqlar.

Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

Xəbər 597 dəfə oxundu.