Formula 1 xidməti maşınlarını ictimaiyyətə təqdim edib
Formula 1 şirkəti 2020-ci il mövsümündə istifadə ediləcək təhlükəsizlik və tibbi seriyalı avtomobillərin yeni dizaynını təqdim edib.

585 at gücünə malik “Mercedes-AMG GT R” modelli təhlükəsizlik maşınını ötən illərdə olduğu kimi yenə almaniyalı Bernd Maylander idarə edəcək. Tibbi seriyalı avtomobil isə 510 at gücünə malik “Mercedes-AMG C 63 S Estate”dir.

Hər iki maşın gümüş rəngdə olmaqla yanaşı, üzərində #WeRaceAsOne və göy qurşağı həkk olunub.

Qeyd edək ki, mövsümə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək. Bir həftə sonra Avstriyada ikinci Qran-Pri keçiriləcək. İyulun 19-da Macarıstan yarışının ardından Böyük Britaniya ardıcıl olaraq 2 yarışa ev sahibliyi edəcək. Silverstoundakı ilk final avqustun 2-də, ikinci həlledici mərhələ isə bir həftə sonra olacaq. Ardınca isə İspaniya, Belçika və İtaliya Qran-priləri təşkil ediləcək. İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Xəbər 687 dəfə oxundu.