Bu gün qadın şahmatçılar arasında Qran-Pri turnirinin ikinci mərhələsi start götürəcək
İyulun 1-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Womens Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsi start götürəcək.

Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də mübarizə aparacaq. Şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Hou Yifan olacaq. Turnirdə ümumilikdə 16 şahmatçı mübarizə aparacaq.

G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsində rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 550 dəfə oxundu.