“Olimpiya dünyası”nın xeyir-duası ilə
Bir neçə gün əvvəl, dəqiq desəm, iyunun 25-də saat 22:00 radələrində nəvəm Kənan ailəsinə, dostlarına, həmkarlarına, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kollektivinə xoş anlar yaşatdı. Məhz həmin anlarda məlum oldu ki, Kənanın doğma universitetin magistratura pilləsində təhsilini davam etdirmək cəhdi uğurla nəticələnmiş və o, zəngin ənənələri, böyük nailiyyətləri ilə məşhurlaşmış 100 yaşlı elm məbədində indiyə qədər yiyələndiyi biliyi möhkəmləndirmək, daha da artırmaq imkanı qazanmışdır.

Nəticə elan olunduqdan dərhal sonra “Facebook”da Kənan Novruzovun ünvanına göndərilən və sevincimizə şərik çıxan 200-dən çox təbrik müəllifinin hər birinə təşəkkürümüzü bildirir, onlara da bu mürəkkəb dövrdə bütün işlərində qələbə sevinci, ən başlıcası isə cansağlığı arzu edirəm.

“Olimpiya dünyası” qəzetinə ayrıca minnətdarlığımı bildirmək istərdim. Belə hesab edirəm ki, Kənanın jurnalistika aləminə vəsiqə qazanmasında, əvvəlcə BDU-nun jurnalistika fakültəsinə, indi isə magistratura pilləsinə qəbul olunmasında məhz həmin mətbu orqanda qazandığı bilik və təcrübə mühüm, bəlkə də, həlledici rol oynamışdır. O, hələ Nizami rayonundakı 70 saylı məktəb-liseyin 10-cu sinfində təhsil alarkən “Olimpiya dünyası”nda yaradılan şərait, göstərilən kömək və diqqət, bir də özünün çalışqanlığı, əzmkarlığı sayəsində dörd il əvvəl tələbə, indi isə magistr adını qazanmışdır.

Buna görə Əməkdar jurnalistlər, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və baş redaktor müavini Aslan Şirəliyevə, qəzetin o zamankı və indiki məsul katibləri Hürrü Abdullayev və Anar Əhmədova, redaksiyanın digər əməkdaşları Səadət Hakıyeva, Aysel Sultanova, Azər Əlizadə, Cavid Fərzəliyev və başqalarına “Çox sağ olun” demək vaxtıdır. Kənanın yaxşı təcrübə toplamasında, hər iki qəbul imtahanında müvəffəq qiymətlər almasında, idman ictimaiyyəti arasında tanınmasında onların köməyi az olmayıb.

Hazırda K. Novruzovun mətbuatda fəaliyyətini davam etdirdiyi “Şərq” qəzetinin kollektivinə, eləcə də tələbəlik illərində bilik və bacarığının möhkəmləndirilməsində ona düzgün istiqamət verib, uğurlarını öz uğurları kimi qəbul edən BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyətinə də çox minnətdarıq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

30.06.2020

Xəbər 968 dəfə oxundu.