Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli Hou Yifanla qarşılaşacaq
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women`s Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turirinin ikinci mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə də mübarizə aparacaq.

Qadınlar arasında iyulun 1-də start götürəcək Qran-Prinin ikinci mərhələsində şahmatçımız dünyanın ən güclü qadın şahmatçılarından biri, turnirin reytinq favoriti çinli Hou Yifanla oynayacaq. Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsinin startında rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 581 dəfə oxundu.